
Bakı. Trend:
Ötən ilin noyabrında Azərbaycan cənab Prezident İlham Əliyevin
rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə – COP29-a ev sahibliyi
etməklə, ümumi məqsədlərin həyata keçirilməsi naminə Qlobal Cənub
və Qlobal Şimal arasında daha güclü körpülər qurmağı, xüsusilə
inkişaf etməkdə olan ölkələrin səslərinin eşidilməsini təmin etməyi
bacardı.
Trend xəbər
verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika
Respublikasının Keyptaun şəhərində keçirilən “Böyük iyirmilik”
ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammitində (P20)
“Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin
gücləndirilməsi” mövzusunda çıxışı zamanı səsləndirib.
Spiker Sahibə Qafarova çıxışında BMT tərəfindən rəsmi olaraq
“Bakı İqlim Həmrəyliyi Paktı” adlandırılan COP29-un mühüm
nəticələri haqqında da məlumat verərək deyib ki, bu sıraya Yeni
Kollektiv Kəmiyyət Hədəfinin (Bakı Maliyyə Hədəfi kimi tanınan)
qəbul edilməsi, Paris Sazişinin Beynəlxalq karbon bazarlarına dair
6-cı maddəsinin tam işlək hala gətirilməsi, İtki və Zərər Fondunun
tam fəaliyyətə başlamasını təmin edən qərarın qəbulu, Bakı
Adaptasiya Yol Xəritəsi və Adaptasiya üzrə Bakı Yüksək Səviyyəli
Dialoqunun təsis edilməsi kimi mühüm məsələlər daxildir.
Sahibə Qafarova, həmçinin diqqətə çatdırıb ki, Milli Məclis
Parlamentlərarası İttifaqla birlikdə, COP29 çərçivəsində iqlim
dəyişikliyinə qarşı parlament səylərinin birləşdirilməsinə yönəlmiş
Parlament iclasına da evsahibliyi edib.


