Biləsuvar Günəş Elektrik Stansiyası (GES) Azərbaycanın enerji sisteminin transformasiyası baxımından çox əhəmiyyətli layihədir.
“Report”un Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir, bunu “Masdar” şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Biləsuvar GES ilk panelin quraşdırılması bu layihə üçün çox mühüm bir mərhələdir: “Biz “Masdar” olaraq tərəfdaşımız “SOCAR Green” ilə birlikdə bu ilk panelin quraşdırılmasından böyük qürur duyuruq. Çünki bu, Azərbaycanın enerji sisteminin transformasiyası baxımından çox əhəmiyyətli bir nailiyyətdir. Bu fürsətdən istifadə edərək Azərbaycan hökumətinə, Energetika Nazirliyinə və digər nazirliklərə, həmçinin “Azərenerji”yə bizə verdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Onların dəstəyi ilə Azərbaycan üçün çox mühüm və unikal bir layihəni reallaşdırırıq”.
O bildirib ki, bu, “Masdar” şirkətinin Azərbaycandakı ilk layihəsi deyil: “Biz artıq Qaradağda bir layihəni uğurla həyata keçirmişik və həmin stansiya iki ildir ki, fəaliyyət göstərir. Bu isə bizim ikinci layihəmizdir. Bundan əlavə, yaxın illərdə icra edəcəyimiz daha iki layihə üzrə də müqavilə imzalamışıq”.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

