
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) su ehtiyatlarının idarə olunması və
suvarma infrastrukturunun müasirləşdirilməsi sahəsində Azərbaycana
dəstək göstərməyə hazırdır.
Trend xəbər verir
ki, bunu AİB-in Azərbaycandakı nümayəndəliyinin direktoru Sunniya
Durrani-Camal Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı
deyib.
O qeyd edib ki, Azərbaycan su ehtiyatları üzrə milli
strategiyanın həyata keçirilməsində, suvarma infrastrukturunun
müasirləşdirilməsində və məlumatların səmərəli idarə olunması üçün
süni intellekt texnologiyalarının tətbiqində AİB-in dəstəyinə
arxalana bilər.
Durrani-Camal bildirib ki, xüsusilə çayların aşağı axarında
yerləşən ölkələr üçün su resurslarının təminatı baxımından
başlanğıc nöqtəsi peyk monitorinqinə əsaslanan risklərin
qiymətləndirilməsidir. Bu yanaşma müxtəlif coğrafi zonalarda suyun
mövcudluğunu müəyyən etməyə və “istilik nöqtələrini”, yəni daşqın,
quraqlıq və ya su qıtlığı riski yüksək olan əraziləri aşkarlamağa
imkan verir.
“Bəzən su problemlərinin səbəbləri yalnız iqlimlə deyil,
siyasətlə də bağlı olur. Məsələn, Cənubi Asiyada bir ölkədə mövcud
subsidiyalaşdırma siyasəti yeraltı suların həddindən artıq
istismarına gətirib çıxarmışdı. Bu isə təfsilatlı diaqnostika və
yanaşmaların düzəlişini tələb edir”,- deyə o bildirib.


