
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) son 30 il ərzində
Azərbaycanda 200 layihəyə təxminən 3,6 milyard avro sərmayə
qoyub.
Trend xəbər
verir ki, bunu bankın istiqrazlar üzrə, Mərkəzi Asiya, Qafqaz və
Türkiyə üzrə direktor müavini Mixail Greçiko AYİB-in
istiqrazlarının BFB-də yerləşdirilməsinə həsr olunmuş “Açılış
Zəngi”ndə bildirib.
O xatırladıb ki, AYİB Azərbaycanda ən böyük sərmayəçilərdən
biridir: “Son 30 il ərzində biz Azərbaycanda 200 layihəyə təxminən
3,6 milyard avro sərmayə qoymuşuq, bunlar müxtəlif sahələri əhatə
edir, məsələn, bərpa olunan enerji, infrastruktur və energetika.
Məsələn, “Masdar”la birlikdə günəş elektrik stansiyası, “ACWA
Power”la birlikdə külək elektrik stansiyası və s. qeyd edə
bilərəm.
Mən çox şadam ki, bu gün biz bu uğurlar siyahısına yeni bir
mərhələ əlavə edirik. Bu dəfə ölkənin maliyyə sektorunda yeni addım
atırıq. Çünki kapital bazarları və maliyyə sektoru Azərbaycandakı
strategiyamızın strateji sütunlarından biridir.
Bu sütun çərçivəsində biz sərmayələri təşviq edirik, yaşıl
layihələri dəstəkləyirik, inklüziv maliyyələşdirməni dəstəkləyirik,
kiçik və orta sahibkarlara yardım edirik və həmçinin tənzimləyici
orqanlarla, o cümlədən Azərbaycan Mərkəzi Bankı ilə fəal və
məhsuldar əməkdaşlıq edirik ki, bu sahədə bir çox nailiyyətlər əldə
etmişik. Xüsusilə son illərdə biz yerli tənzimləyici bazarın
inkişafına kömək etmişik. Bu da istiqrazlarımızın yerli bazarda
buraxılmasına imkan yaratdı. Biz həmçinin törəmə maliyyə alətləri
ilə bağlı tənzimləmə islahatlarına dəstək olmuşuq”.
AYİB rəsmisi vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı ilə
birlikdə AYİB pul bazarının inkişafı çərçivəsini tamamlayıb: “Biz
həmçinin Mərkəzi Bank ilə birgə yaşıl gündəliyi fəal şəkildə təşviq
edirik. Keçən il, COP tədbirləri zamanı, Bakı şəhərində, bir sıra
ustad dərsləri keçirmişik, bu da yerli banklara iqlim risklərinin
idarə olunmasını təkmilləşdirməyə kömək edib.
Beləliklə, kapital bazarları strategiyamızın əsas
prioritetlərindən biri olaraq qalır.
Biz burada dayanmayacağıq. Mən əminəm ki, bu əməliyyat – AYİB
istiqrazlarının yerləşdirilməsi gələcək buraxılışlar üçün yol
açacaq”.

