Özbəkistanlı media nümayəndələri ilə Bakı Dövlət Universitetində görüş keçirilib

Baş səhifə

Bakı. Trend:

29 sentyabr tarixində ölkəmizdə səfərdə olan Özbəkistanlı media
nümayəndələri ilə Bakı Dövlət Universitetində görüş təşkil
olunub.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumat
verilib.

Görüşdə çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı
Vüqar Əliyev bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında bütün
sahələrdə olduğu kimi mətbuat sahəsində də münasibətlər yüksək
səviyyədədir. O, ortaq tarixə, dilə, mədəniyyətə malik iki ölkənin
media sahəsində də birgə layihələr həyata keçirməsinin önəmini
vurğulayıb. Eyni zamanda qonaqlar jurnalistika sahəsi üzrə peşəkar
kadrların hazırlanması istiqamətində görülən işlərlə tanış olublar.
Diqqətə çatdırılıb ki, sözügedən ixtisasın sistemli şəkildə
öyrədilməsinə postsovet məkanında məhz Bakı Dövlət Universitetində
başlanılıb və həmin ənənə bu gün də uğurla davam etdirilir.

BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov
nümayəndə heyətinə Universitetin tədris, elmi fəaliyyəti,
beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edib ki, son bir
neçə ildə BDU Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq
əlaqələrini daha da gücləndirərək əməkdaşlıq müqavilələri
imzalayıb, tələbə və müəllim mübadiləsi proqramları həyata
keçirib.




BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir
Məmmədli, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının
müdiri Xatirə Hüseynova, Beynəlxalq jurnalistika və informasiya
siyasəti kafedrasının müdiri Aynur Nəsirova çıxışlarında iki ölkə
arasında media sahəsində əməkdaşlığın ortaq maraqlara xidmət
etdiyini diqqətə çatdırıblar.

Qonaqlar Özbəkistanda qəzet və onlayn xəbər saytlarının,
informasiya agentliklərinin fəaliyyəti və təmsil etdikləri media
orqanları barədə məlumat verərək iki ölkənin ali jurnalist təhsili
üzrə tərəfdaşlığının əhəmiyyətini vurğulayıblar.

Sonra qonaqlar fakültənin strukturu və ixtisaslaşmış otaqları
ilə tanış olublar.