Azərbaycanda bankların “yaşıl layihələr”ə ayırdığı kredit həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda banklar indiyədək “yaşıl layihələr” üçün 300 milyon
manat kredit ayırıblar.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru
Şahin Mahmudzadə Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı
zamanı məlumat verib.




O əvvəlcə xatırladıb ki, bank sektoru 2030-cu ilə qədər 2
milyard manatlıq könüllü öhdəlik götürüb və bu, COP29 tədbirində
elan edilib: “Bu öhdəlik Azərbaycan üzrə yaşıl keçid layihələrini
dəstəkləyir və bankların bərpa olunan enerji, dayanıqlı
infrastruktur və digər layihələrə vəsait ayırmaq niyyətini nümayiş
etdirir. Ən son məlumatlara görə, elanından sonra yerli banklar
təxminən 13,000 kredit, yəni təxminən 300 milyon manat
ayırıblar”.

“Nəticə olaraq, yaşıl keçid mürəkkəb və uzunmüddətli bir
yolculuqdur, lakin bu gün yaratdığımız dinamika uzunmüddətli təsir
göstərəcək. İnanıram ki, bu tədbir və həyata keçirilən təşəbbüslər
iqlim maliyyəsinin sürətləndirilməsi və daha yaşıl, firavan
Azərbaycan yaratmaq üçün katalizator olacaq”, – baş direktor
vurğulayıb.