Ombudsman 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıb

Baş səhifə

Bakı. Trend:

2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı
qüvvələrinin beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini
pozaraq mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini
intensiv və ağır silahlardan atəşə tutmaqla çoxsaylı dinc
insanların tələfatı ilə nəticələnən genişmiqyaslı hərbi
əməliyyatlara başlamasından beş il ötür.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili
Səbinə Əliyevanın bəyanatında
qeyd olunub.

Həmin dövrdə Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə
əsasən özünümüdafiə hüququndan istifadə edərək,
mülki əhalinin yaşamaq hüququnun təmini, otuz ilə yaxın müddətdə
işğal altında qalmış torpaqlarımızın azad edilməsi məqsədilə
əks-hücum əməliyyatlarına başlamış, nəticədə mötəbər beynəlxalq
təşkilatların uzun illər kağız üzərində qalmış qərar və
qətnamələrinin icrası təmin olunmaqla bərabər, bir milyondan artıq
qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa
edilmişdir.

Bildirilib ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan
silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq
humanitar hüququn normalarını kobud şəkildə pozaraq mülki əhalinin
sıx məskunlaşdığı və döyüş əməliyyatları aparılan ərazidən kifayət
qədər uzaqlıqda yerləşən ölkənin ən böyük şəhərlərindən birini,
rayon mərkəzlərini və digər yaşayış məntəqələrini uzaqmənzilli
əməliyyat-taktiki və ballistik raket qurğularından atəşə
tutmuşdur.

Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, o cümlədən
“Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli
Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının tələblərinə
zidd olaraq qəsdən törədilmiş müharibə cinayətləri nəticəsində
100-ə yaxın dinc mülki sakin, o cümlədən 12 uşaq qətlə yetirilmiş,
450-dən çox mülki şəxs yaralanmışdır. Bundan əlavə, Azərbaycan
ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan
çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb,
xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə məruz qalaraq
dağıdılmış və ya qəzalı vəziyyətə düşmüşdür.

Postmüharibə dövründə regionda sülh və əmin-amanlıq üçün təhlükə
yaradan separatçı qüvvələrin təxribat əməllərinin qarşısının
alınması, insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü
il sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata
keçirilmişdir.

Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində
dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilmiş və
bölgədə insan hüquqlarının qorunması istiqamətində yeni imkanlar
açılmışdır.

Bir müddət əvvəl isə Amerika Birləşmiş Ştatlarında Azərbaycan və
Ermənistan liderlərinin görüşü zamanı “Azərbaycan Respublikası və
Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis olunması haqqında Saziş” paraflanmışdır. Bu
tarixi hadisə ilə təkcə iki ölkə arasında deyil, bütövlükdə
regionda davamlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində
əhəmiyyətli irəliləyiş əldə olunmuşdur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) olaraq bir daha vurğulamaq istərdim ki, işğal və
müharibə dövrlərində pozulmuş insan hüquq və azadlıqlarının
bərpası, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması,
işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənmə
prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin
təqdim olunması, habelə keçmiş məcburi köçkünlərin öz doğma
torpaqlarına təhlükəsiz və ləyaqətlə geri qayıdışı kimi beynəlxalq
hüquqa əsaslanan fundamental məsələlərin təmin edilməsi olduqca
vacibdir.




Bu baxımdan beynəlxalq təşkilatların, dünya dövlətlərinin,
xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının
beynəlxalq hüquq normalarının təmini, müharibə cinayətləri
törədənlərin cəzalandırılması, pozulmuş insan hüquqlarının bərpası,
dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi istiqamətində
birgə təşəbbüs göstərmələri xüsusi önəm kəsb edir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin
olunması, mülki əhalinin yaşamaq hüququnun müdafiəsi və keçmiş
məcburi köçkünlərin uzun illər ərzində kobud şəkildə pozulmuş hüquq
və azadlıqlarının bərpası uğrunda həyatlarını itirmiş
şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, ölkəmizə,
regiona və dünyaya sülh arzu edirəm.

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

27 sentyabr 2025-ci il

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik
Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin
Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına,
YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının,
ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar
İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam
Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar
Assosiasiyasına,
Türk Dövlətlərinin Ombudsmanlar və Milli
İnsan Hüquqları İnstitutları Assosiasiyasına,
İslam
Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları
Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə,
Beynəlxalq Sülh Bürosuna,
Universal Sülh
Federasiyasına,
müxtəlif ölkələrin ombudsmanlarına və
milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının
xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı
səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına
göndərilmişdir.