
Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr – Anım Günü
ilə bağlı bəyanat yayıb.
Trend xəbər verir ki,
bəyanatda deyilir:
“Bu gün, ölkəmizə qarşı təcavüzə və torpaqlarımızın 30 ilə yaxın
işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən
müharibəsinin başlanmasından 5 il ötür.
Məhz 5 il əvvəl bu gün Müzəffər Ali Baş Komandanın rəhbərlik
etdiyi Şanlı Azərbaycan silahlı qüvvələri 30 illik tarixi
ədalətsizlik, ərazi bütövlüyümüz, suverenliyimiz və beynəlxalq
hüququn kobud şəkildə pozulmasına qarşı mübarizəyə qalxdı.
Bu tarix salnaməsinin qəhrəmanları olan Şəhidlərimizin müqəddəs
ruhuna dərin ehtiram və minnətdarlığımızın təcəssümü olaraq,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
Sərəncamı ilə 27 sentyabr tarixi hər il ölkəmizdə Anım Günü kimi
qeyd olunur.
27 sentyabr – Anım Günündə ölkəmizin ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarından keçən mərd oğul və qızlarımızın
əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, bu yolda
sağlamlıqlarını fəda edən müharibə iştirakçılarına cansağlığı
arzulayırıq.
27 sentyabr tarixindən ötən 5 il ərzində postmünaqişə dövrünün
yenidənqurma və sülh gündəliyi ölkəmiz tərəfindən uğurla
irəlilədildi. Bu gün azad olunmuş ərazilərimizə həyat
qayıtmaqdadır, işğal və təcavüz nəticəsində dağıdılmış şəhər və
kəndlərimiz ən yüksək dünya standartları və ən yeni
texnologiyaların tətbiqi ilə yenidən dirçəlir.
Mina təhdidi ilə mübarizə səyləri davam etdirilir, humanitar
minatəmizləmə fəaliyyəti, eləcə də bu hədənin vətəndaşlarımızın
həyat və sağlamlığına törətdiyi təhlükə daim beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırılır.
Keçmiş münaqişənin sağalmayan yaralarından biri olan itkin
düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, Ermənistanın
təcavüzü zamanı soydaşlarımıza qarşı insanlıq əleyhinə cinayətlər
törədənlərin hüquqi məsuliyyətə cəlb olunması istiqamətində
tədbirlər postmünaqişə səylərinin ayrılmaz tərkib hissəsi kimi
davam etdirilməkdədir.
Ölkəmizin təşəbbüsü, qətiyyəti ilə başladılan və irəlilədilən
ikitərəfli Azərbaycan-Ermənistan sülh prosesi də artıq öz
nəticələrini verməkdədir. 44 günlük Vətən müharibəsinin
başlanmasının 5-ci ildönümü ərəfəsində, 8 avqust 2025-ci il
tarixində Vaşinqton şəhərində keçirilmiş tarixi zirvə görüşü və
onun nəticəsində ABŞ tərəfinin də şahid qismində imza atdığı
Azərbaycan-Ermənistan Birgə Bəyannamə, “Azərbaycan Respublikası ilə
Emənistan Respublikası arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin
paraflanması, eləcə də keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk
prosesi və əlaqəli strukturların ləğvi ilə əlaqədar atılan addımlar
30 ilə yaxın davam edən keçmiş münaqişə səhifəsinin birdəfəlik
aradan qaldırılması yolunda əhəmiyyətli irəliləyişdir.
Bölgəmizə qeyri-sabitliklik və faciələr gətirən işğal və
təcavüzün bir daha yaşanmayacağına zəmanət verəcək sistematik
tədbirlərin davam etdirilməsi, xüsusilə ölkəmizin ərazi bütövlüyünə
qarşı Ermənistan Konstitusiyasında əksini tapan iddiaların aradan
qaldırılması müstəsna əhəmiyyət kəsb edir.
Dayanıqlı sülhə hər zamankından daha yaxın olduğumuz bu dövrdə,
sülh gündəliyinin irəlilədilməsi Vətən müharibəsi qəhrəmanlarımızın
müqəddəs xatirəsi qarşısında ən böyük borcumuzdur.
27 sentyabr – Anım Günündə qəhrəmanlarımızın əziz xatirəsini bir
daha dərin ehtiramla yad edirik.
Şəhidlər ölməz, Vətən bölünməz!”.


