Azərbaycan “yaşıl enerji” üzrə regional haba çevrilə bilər – IFC eksperti

Baş səhifə

Bakı. Trend:

Yaşıl enerjinin regional mərkəzi kimi Azərbaycanın potensialı
təkcə ölkə üçün deyil, bütün dünya üçün yeni imkanlar açır.

Trend xəbər verir
ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlı
maliyyə üzrə eksperti Leyla Hüseynli Bakıda keçirilən “Azərbaycan –
Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi”ndə çıxışında deyib.

O qeyd edib ki, uğurun əsas amillərindən biri enerji
səmərəliliyinin artırılması ola bilər ki, bu da ölkə daxilində
qazdan qənaətlə istifadəyə və onu daha yüksək qiymətə ixrac etməyə
imkan verərək büdcəyə əhəmiyyətli əlavə gəlir gətirəcək.




Onun sözlərinə görə, Azərbaycanda binaların təxminən 90 faizi
qazla isidilir və əhali üçün daxili tariflərlə qazın ixrac qiyməti
arasındakı fərq ciddi iqtisadi potensial yaradır.

“Enerji səmərəliliyi sayəsində hansı həcmdə qaza qənaet etməyin
mümkün olduğunu hesablasaq və onu ixrac etsək, bu ölkəyə əlavə
gəlir gətirəcək və həmin gəlir “yaşıl” iqtisadiyyatın daha da
inkişaf etdirilməsinə yönəldilə bilər”, – deyə Leyla Hüseynli
vurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, bərpa olunan enerji sahəsində, o
cümlədən yaşıl hidrogen üzrə dövlət-özəl tərəfdaşlıqla həyata
keçirilən layihələrin inkişafı Azərbaycanın bərbaolunan enerji
sahəsində gələcək regional hab kimi mövqeyini gücləndirir.