
Bakı. Trend:
Akademiklər, universitet rektorları olaraq Türkiyədəki ali
təhsil müəssisələri ilə Azərbaycandakı ali təhsil müəssisələri
arasında əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək əsas
vəzifələrimizdən biridir.
Bu sözləri Trend-ə açıqlamasında İğdır Universitetinin Rektoru
Ekrem Gürer deyib.
O bildirib ki, Qarabağ Universiteti ilə necə əməkdaşlıq edə
biləcəkləri barədə ətraflı fikir mübadiləsi aparılıb:
“Bakıya gəldikdə ilk öncə Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri hörmətli Fuad Muradov və komandası bizi qəbul etdilər. Görüş
bir saatdan çox davam etdi. Bütün rektorlarımız özlərini təqdim
etdilər. Hər biri universitetləri və həmin universitetlərin müvafiq
ixtisas sahələri haqqında Komitə sədrinə və heyətinə məlumat
verdilər. Bu çərçivədə səkkiz universitetimizin həm ümumilikdə
Azərbaycandakı digər universitetlərlə, həm də xüsusilə Qarabağ
Universiteti ilə necə əməkdaşlıq edə biləcəkləri barədə ətraflı
fikir mübadiləsi aparıldı. Bu görüşlərdə Fuad müəllimin bizə
göstərmiş olduğu səmimi diqqət və dəstəyə görə ona ən dərin
minnətdarlığımı bildirirəm. Görünür ki, Azərbaycan dövləti və xalqı
Türkiyədəki bütün tərəfdaşlara qarşı yaxın maraq və dəstək
göstərməyə davam edəcəkdir. Türkiyə–Azərbaycan münasibətləri qədim
münasibətlərdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz hər
zaman iki dövlət, amma bir millət olmuşuq və inşallah, əbədi olaraq
da belə qalacağıq.
Bu səbəbdən hər iki ölkənin müəllimləri, bürokratları,
texnokratları, alimləri, iş adamları hər zaman yaxın münasibətlər
qurmaqda qətiyyətlərini nümayiş etdiriblər. Belə olan halda biz
akademiklər, universitet rektorları olaraq Türkiyədəki ali təhsil
müəssisələri ilə Azərbaycandakı ali təhsil müəssisələri arasında
əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək əsas vəzifələrimizdən
biri kimi qiymətləndirilməlidir”.
Rektorun sözlərinə görə, bu istiqamətdə uzun illərdir ki,
universitetlərimiz Azərbaycanın bəzi universitetləri ilə yaxın
əməkdaşlıq həyata keçiriblər:
“Ancaq arzumuz bu sayını daha da artırmaqdır. Daha önəmlisi isə
Xankəndi, Qarabağ və Şuşa bölgələrinə edəcəyimiz səfərdir. Azad
edilmiş bölgələri yerində ziyarət etməklə yanaşı, Qarabağ
Universitetini də ziyarət etmək istəyirik. Türkiyədən gələn səkkiz
dövlət universitetinin rektorları olaraq Qarabağ Universitetinin
yanında olduğumuzu, hər cür dəstək və əməkdaşlığa hazır olduğumuzu
göstərmək üçün orada olacağıq”.
“İnanırıq ki, Qarabağ, Xankəndi və azad edilmiş torpaqlar ən
qısa zamanda inkişaf edəcək, tərəqqi edəcək və bu inkişafdan
Qarabağ Universiteti də böyük pay alacaqdır. Biz türk akademikləri
və rektorları olaraq bu istiqamətdə əlimizdən gələn dəstəyi
əsirgəməyəcəyik. Dost və qardaş Azərbaycan xalqının, dövlətinin və
universitetlərinin yanında olacağıq. Birlikdə yol alacağıq, bir
olacağıq, güclü olacağıq. Bu bölgədə həm sülhün davamlı olması, həm
də elm və texnologiya ilə zəngin innovasiya və inkişafın bütün
bölgə xalqlarına yayılması üçün xüsusi səylər göstərəcəyik. Onsuz
da bütün dünyanın yaxından izlədiyi Zəngəzur Dəhlizi layihəsi
həyata keçdikdə sadaladığımız bu məsələlərin daha da güclənəcəyinə
və böyük inkişaf əldə olunacağına inamımız tamdır. Bu münasibətlə
bir daha bu layihənin həyata keçirilməsində, təqdim olunmasında və
dəstəklənməsində rol oynayan başda Fuad Muradov müəllim olmaqla
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə səmimi
təşəkkürlərimi bildirirəm. Ən qısa zamanda yenidən Azərbaycan xalqı
və dövlətinin tərəfdaşları ilə bir araya gəlmək üçün səbirsizliklə
gözlədiyimi ifadə etmək istəyirəm”,- deyə Ekrem Gürer əlavə
edib.
Xatırladaq ki,Türkiyənin Şərqi Anadolu bölgəsindəki
universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin
rəhbərinin daxil olduğu Türkiyə nümayəndə heyəti Azərbaycanda
səfərdədir.


