
Bakı. Trend:
Ənənəvi enerji ixracatçısı kimi tanınan Azərbaycan hazırda yaşıl
enerjiyə keçid prosesində mühüm rol oynayır və Avrasiya məkanında
yeni enerji mərkəzinə çevrilir.
Trend xəbər
verir ki, bunu Çinin “Sol-Bright” şirkətinin Qlobal Satış direktoru
Kaik Çao Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və
Mərkəzi Asiya” adlı tədbirdə bildirib.
O qeyd edib ki, Azərbaycanın energetika nazirliyinin məlumatına
görə, ölkədə böyük həcmli külək və günəş enerjisi layihələrinin
inkişafı planlaşdırılır: “Bu isə təmiz enerjinin effektiv idarə
olunması və istifadəsi məsələsini ön plana çıxarır.
Mütəxəssislər bildirirlər ki, bu sahədə qarşıya çıxan əsas
problemlərdən biri günəş panellərinin çirklənməsi (soiling)
məsələsidir. Panellərin tez-tez və düzgün təmizlənməməsi onların
gücünü illər ərzində ciddi şəkildə azaldır. Ənənəvi üsullarda su,
yük maşınları və işçi qüvvəsi tələb olunur ki, bu da həm maliyyə,
həm də təhlükəsizlik baxımından risklər yaradır”.
Şirkət rəsmisinin sözlərinə görə, son illərdə tətbiq olunan
robotlaşdırılmış təmizləmə həlləri isə bu problemlərin aradan
qaldırılmasına mühüm töhfə verir: “Belə texnologiyalar vasitəsilə
günəş panellərinin gündəlik və ya həftəlik təmizlənməsi təmin
olunur ki, bu da enerji istehsalını 15–25% artırır. Araşdırmalar
göstərir ki, bəzi layihələrdə robot təmizləməsi nəticəsində
istehsal gücü 20%-ə qədər yüksəlib, sərmayənin geri dönüş müddəti
isə cəmi 1,5-2 il olub.
Ənənəvi üsullarla müqayisədə robot texnologiyası istismar
xərclərini 90%-dən çox azaldır, panellərin zədələnmə riskini isə
10–30% aşağı salır. Bundan başqa, bu həllər insan resurslarından
istifadənin minimuma endirilməsi ilə təhlükəsizlik baxımından da
üstünlük yaradır”.
K. Çao vurğulayıb ki, robotların tətbiqi artıq Oman, BƏƏ və
Hindistan kimi ölkələrdə sınaqdan keçirilib və uğurlu nəticələr
əldə olunub: “Məsələn, Hindistanda aparılan layihədə panellərin
yerləşdiyi ərazi səhralıq olmasa da, quru iqlim və tozlanma
səbəbindən robotların istifadəsi nəticəsində istehsalda 12%-lik
artım qeydə alınıb.
Mütəxəssislərin fikrincə, robotlaşdırılmış təmizləmə sistemləri
günəş enerjisi layihələrində artıq əlavə xərclər deyil, əksinə
strateji aktiv kimi dəyərləndirilməlidir. Bu texnologiyalar
panellərin keyfiyyətini və ömrünü qorumaqla yanaşı, uzunmüddətli
perspektivdə enerji istehsalını maksimuma çatdırmağa imkan
verir”.
Şirkət nümayəndəsi vurğulayıb ki, Azərbaycanda da bu sahədə
potensial yüksəkdir: “Günəş panellərinin üzərinə quş tullantıları
və toz yığılması problemləri müşahidə olunan ərazilərdə robotların
tətbiqi onların istismar müddətini uzadaraq, ölkənin bərpaolunan
enerji strategiyasına töhfə verə bilər”.


