
Bakı. Trend:
Oktyabrın 7-8-də Bakı şəhəri daha bir mötəbər tədbirə –
Azərbaycan Halal Biznes (AZHAB) Forumuna ev sahibliyi edəcək. Bu il
ikincisi keçiriləcək forum Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) təşkilatçılığı ilə “Sürətlə dəyişən dünyada halal sənaye
dayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunacaq.
Trend xəbər
verir ki, iki gün davam edəcək forumun məqsədi investisiya və
ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və
təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin
cəlb edilməsini təşviq etməkdir. Forumda yerli və xarici ölkələrdən
olan aidiyyəti qurumların nümayəndələri, sahə üzrə ekspertlər,
akademik dairələr, sahibkarlar və beynəlxalq təşkilatların
nümayəndələri bir araya gələcək.
“AZHAB Forumu 2025” konfrans və sərgi olmaqla iki hissədən
ibarət olacaq. Konfrans çərçivəsində halal sənayenin ənənəvi
sahələri, o cümlədən maliyyə və turizm mövzuları, halal biznesin
idarəolunması, yaşıl keçid, biznesdə qadınların rolu və digər yeni
istiqamətlər müzakirə ediləcək. Həmçinin, forumun ilk iclası İslam
Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən
qurumların əməkdaşlığının gücləndirilməsinə xidmət edən “İƏT-in
KOB-lar Şəbəkəsinin” (OIC-SMENET) rəsmi təsis mərasiminə həsr
olunacaq.
Forumun sərgi hissəsində isə Azərbaycandan və xarici ölkələrdən
olan şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər nümayiş
olunacaq. Ötən ilki forum çərçivəsində təşkil olunmuş sərgidə 30-a
yaxın yerli və xarici şirkət məhsul və xidmətlərini təqdim edib. Bu
ilki sərginin isə daha geniş miqyasda və daha çox ölkənin iştirakı
ilə keçirilməsi nəzərdə tutulur. Hazırda sərgidə iştirakla bağlı
yerli və xarici şirkətlərin qeydiyyatı davam edir. Sərgi yerli və
xarici şirkətlərə məhsul və xidmətlərini geniş auditoriyaya
tanıtmaq, yeni əməkdaşlıqlar qurmaq, müvafiq sektor üzrə
tərəfdaşların tapılması, potensial müştərilərlə birbaşa əlaqə
yaratmaq, ixrac imkanlarını genişləndirmək, təcrübə və texnologiya
mübadiləsi, halal sənaye üzrə yeniliklər, trendlər və standartlarla
tanış olmaq imkanı verəcəkdir.
“AZHAB Forum 2025” çərçivəsində İslam Ticarət Palatası Halal
Xidmətləri tərəfindən “Halal düşün: Hər bir biznesin bilməli olduğu
məsələlər” mövzusunda iki günlük seminar da təşkil olunacaq.
Seminarda müxtəlif sahələrdə fəaliyyət göstərən biznes
nümayəndələrinə halal biznes modeli, bu sahədə mövcud standartlar
və məhsulların beynəlxalq bazarlara çıxışı ilə bağlı məlumat
veriləcək, Ekspert Guşəsində isə iştirakçılara halal
sertifikatlaşdırma üzrə fərdi məsləhət xidməti göstəriləcək.
Builki forum İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri
üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi
(SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu
(SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event
Organisers” MMC-nin tərəfdaşlığı, “ATENA” MMC-nin sponsorluğu ilə
keçiriləcək.
Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında
keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da
daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın
olmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İslam
Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən
müvafiq qətnamə ilə dəstəklənib.
AZHAB Forumu ilə bağlı ətraflı məlumat üçün: https://azhabforum.az/


