Prezident İlham Əliyev: Azərbaycan TRIPP marşrutunun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib

Baş səhifə

Bakı. Trend:

Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab
Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında
imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi
ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin
edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP)
əsasını qoydu.

Trend xəbər verir ki, bu
fikirlər Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin
təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı,
maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes
Forumuna müraciətində yer alıb.

Prezident bildirib ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə
çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq
yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region
ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə
inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq.

Qeyd olunub ki, TRIPP eyni zamanda gələcəkdə enerji
resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də
bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin
çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq
ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə
bilər.

“Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün
səylərini səfərbər edib”,- müraciətdə vurğulanıb.