İƏT-in Əmək Mərkəzinin iclası keçirilib

Baş səhifə
Digər

  • 23 sentyabr, 2025
  • 11:27
İƏT-in Əmək Mərkəzinin iclası keçirilib

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası keçirilib.

“Report” xəbər verir ki, İclas Əmək Mərkəzinin Baş Assembleyasının 2-ci sessiyasına hazırlıq və Mərkəzin fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyıb.

İƏT-nin Əmək Mərkəzinin İcraiyyə Şurasının sədri, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsini dəstəklədiyni və Azərbaycanla İƏT arasındakı əlaqələrin səmərəli əməkdaşlıq və dialoq əsasında qurulduğunu qeyd edib:

“Ölkəmizin İƏT-nin fəal üzvü kimi təşkilatın əsas prinsiplərinə daim sadiq qalıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış İƏT-nin Əmək Mərkəzinin də üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır. İclasın Əmək Mərkəzinin fəaliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətlidir”.

İƏT-nin Əmək Mərkəzinin İcraiyyə Şurasının sədrinin müavini, Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Abdullah Nasser M. Abuthnain iclasın üzv ölkələr arasında əlaqələrin genişlənməsinə, fəal təcrübə mübadilələrinə imkan yaratdığını diqqətə çatdırıb.

Mərkəzin Baş direktoru Azər Bayramov İƏT-nin ən gənc institutu olan bu Mərkəzin üzv ölkələrin əmək bazarının inkişafı, işçi hüquqlarının müdafiəsi, həmçinin məşğulluq imkanlarının artırılması sahələrində əməkdaşlığın genişləndirilməsində rolundan bəhs edib.

İclasda İƏT-nin Əmək Mərkəzinin fəaliyyət və maliyyə hesabatları dinlənilib.

İşçi sessiyalarda Mərkəzin İcraiyyə Şurası tərəfindən bir sıra qətnamələrin müzakirələri aparılıb və Əmək Mərkəzinin Baş Assambleyasına təqdim olunması üçün razılaşdırılıb. Şuranın sədri və Əmək Mərkəzinin direktoru tərəfindən yekun qeydlər edilib.