SOCAR-ın keçmiş departament rəhbəri Adnan Əhmədzadə həbs olunub – o kimdir?

Baş səhifə
SOCAR, Alkagesta, neft, yanacaq, Adnan Əhmədzadə, enerji

Şəklin mənbəyi, Getty Images

SOCAR-ın Ticarət Departamentinin keçmiş rəhbəri Adnan Əhmədzadə həbs edilib.

Səbail Rayon Məhkəməsi sentyabrın 20-də onun barəsində 4 aylıq həbs-qətimkan qərarı verib.

Hökumətə yaxın medialar yazır ki, Adnan Əhmədzadə Azərbaycanın “Azeri Light” markalı neftini Rusiyanın xam nefti ilə qarışdırmaqda günahlandırılır.

Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları olduğu bildirilsə də, bu barədə hələ ki, rəsmi məlumat yoxdur.

Paylaşımını ötürün YouTube

Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün “qəbul edin və davam edin”.

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Mediadakı iddialara görə isə rəsmi Bakı Əhmədzadənin bu əməlini dünyada Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına zərbə kimi qiymətləndirib.

Adnan Əhmədzadənin bu ittihamlara cavabı bəlli deyil.

Rəsmi mənbələrdə Əhmədzadənin yalnız 1998-ci ildən 2023-cü ilə qədər SOCAR-da müxtəlif yüksək vəzifələr tutduğu qeyd olunub.

O, SOCAR-dakı karyerasının son illərində şirkətin beynəlxalq investisiya və satış işlərinə rəhbərlik edib.

Lakin Malta Herald nəşri iddia edir ki, Əhmədzadə SOCAR-dan rəsmi şəkildə ayrılsa da, şirkətin neft məhsullarının beynəlxalq daşımalarında və satışında mühüm rol oynamaqda davam edib.

Bu biznesdə onun rəhbəri olduğu ABDA Invest Holding şirkətinin və Maltanın ən böyük bunker şirkəti olan və onun yaxın qohumu tərəfindən idarə edildiyi deyilən Alkagesta şirkətinin adı keçir.

Hazırda Britaniya və Avropa İttifaqı rəsmiləri Alkagesta şirkətinin saxta sertifikatlarla Rusiya neftini Avropa bazarlarında satması faktını araşdırır.

Malta Herald Adnan Əhmədzadənin bu şirkətin idarəetməsində də güclü nüfuza sahib olduğunu yazıb.

ABDA Invest Holding və Alkagesta şirkəti bu iddialarla bağlı BBC Azərbaycancanın suallarına cavab verməyib.

Bu ilin iyulunda BP şirkəti Azərbaycan hökumətinin Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Rumıniya və İtaliyaya satdığı neftin tərkibində zərərli maddə hesab edilən xlorid aşkarlandığını bildirmişdi.

Rumıniya mətbuatı həmin vaxt çirklənmənin Rusiya tərəfindən məqsədyönlü şəkildə, Azərbaycanın enerji nüfuzunu zədələmək məqsədilə edildiyini açıqlamışdı.

Hökumətə daim loyallığı ilə seçilən Adnan Əhmədzadə həm də dəbdəbəli həyat tərzi, məşhur xarici simaların, futbolçuların və digər nüfuzlu şəxslərin Azərbaycana səfərlərini təşkil etməklə də gündəm olub.

Araşdırma məqalələrdə onun adı Rusiya neft nəhəngi Lukoil-ın rəhbəri və hazırda Avropa sanksiyalarına məruz qalan Vahid Ələkbərovla birlikdə Qara dəniz-Aralıq dənizi və Avropa bazarları arasında böyük neft maxinasiyalarında keçir.