Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində əldə edilən razılaşma Türkiyə tərəfindən də sevinclə qarşılandı. Bununla belə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh prosesinin irəliyə aparılması üçün Ermənistanın daha iki şərti yerinə yetirməli olduğunu açıqladı. Bu, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddialarını ehtiva edən müddəalarla bağlıdır. Digəri isə ATƏT-in Minsk Qrupundan imtina məsələsidir.
Bu sözləri Teleqraf-a Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
Diplomat qalıcı sülh üçün bir-birinə qarşı ərazi iddialarına birdəfəlik son qoyulmalı olduğunu söyləyib: “Bu hüquqi sənədlərdə də əksini tapmalıdır. Azərbaycanın bu tələbləri beynəlxalq hüquqa əsaslanır. Eyni zamanda İrəvan Minsk Qrupu ilə bağlı mövqeyini ifadə etməlidir. Həmsədrlik inistutu 44 günlük Vətən müharibəsi ilə tarixin arxivinə göndərilib. Artıq onun fəaliyyətinə ehtiyac qalmayıb”.
