Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh müqaviləsi üzrə mətnin razılaşdırıldığını bəyan etdikdən sonra bir sıra dövlətlər bu addımı alqışlayan bəyanatlar verdilər. Hətta Ermənistanın bu məsələni yüksək qiymətləndirdiyini bildirdilər”.
Resmixeber.az,Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Fakt” qəzetinin məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Ermənistan hakimiyyəti ictimaiyyəti müqavilənin qarşılıqlı güzəştlər əsasında razılaşdırıldığına inandırmağa çalışır. Lakin reallıq belə deyil, İrəvan birtərəfli güzəştlərə gedib və Bakının tələblərini qəbul edib. Bu səbəbdən Azərbaycanın hər hansı güzəştə getdiyinə dair fikirlərini əsaslandıra bilmirlər.
Erməniləri narahat edən əsas məqam isə beynəlxalq ictimaiyyətin buna müsbət yanaşmasıdır. Ölkə müxalifəti xarici qüvvələrin məsələyə İrəvanın maraqlarına uyğun şəkildə yanaşmasını gözləsə də, belə olmayıb.
Artıq baş nazir Nikol Paşinyanın 2022-ci ildə Praqada Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan sənəd imzalamasından sonra bu məsələnin təəccüb doğurmadığını deyənlər də var.
Məqalədə qeyd olunur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan beynəlxalq siyasi dairələrin İrəvanın güzəştlərini alqışlaması ictimaiyyəti təkrar sarsıdıb və ümidsizlik yaradıb.
Nəşrin adı açıqlanmayan mənbədən əldə etdiyi məlumata əsasən, Paşinyan Bakı ilə danışıqlar prosesində xarici himayəçilərindən böyük dəstək gözləyib. Lakin sonra vəziyyətin fərqli olduğunu görüb, Bakı ilə razılaşıb. Son olaraq bu məlumatı erməni ictimaiyyətinə açıqlamadan öncə isə müxtəlif dövlətlərin İrəvandakı səfirləri ilə ictimaiyyətə elan edilməyən görüşlər keçirib. Onlar vasitəsi ilə ölkələrinin Xarici İşlər Nazirliklərini İrəvanın Bakı ilə razılaşmasını dəstəkləmələri üçün razı salıb.