Azərbaycan Şahmat Federasiyası, “Nəfəs” İctimai Birliyi və “Məmmədyarovlar” Şahmat Məktəbinin təşkilatçılığı ilə tanınmış ictimai-siyasi xadim, uzun illər Milli Məclisin üzvü olan Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.
“Landmark”da baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə start götürüb. Ardınca Qənirə Paşayevanın fəaliyyət dövrünü əks etdirən videoçarx nümayiş olunub.
Açılış törənində Milli Məclisin deputatı Arzu Nağıyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyənin Azərbaycandakı səfirinin təhsil müşaviri Yurdagül Aydoğan, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov , “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, qadınlar arasında beynəlxalq qrosmeyster, “Məmmədyarovlar Şahmat Məktəbi”nin rəhbəri Zeynəb Məmmədyarova, bir çox təşkilatçı qurumların fəalları, media nümayəndələri,vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və digərləri iştirak edib.
Çıxış edənlər arasında yer alan Qənirə Paşayevanın anası Tehran Paşayeva yarışın təşkilatçılarına öz minnətdarlığını bildirib.
Açılış törəninin ardınca rəsmi qonaqlar lider masalara yaxınlaşaraq, “ilk gediş” ediblər və sonra turnir start götürüb.
Mötəbər turnirin baş hakimi Faiq Həsənovdur.
Qeyd edək ki, turnir martın 6-dək davam edəcək. Turnirin sonunda qaliblərə pul mükafatı və xatirə hədiyyəsi təqdim olunacaq. Gələcəkdə turnirin müxtəlif ölkələrin nüfuzlu şahmatçılarının iştirakı ilə davamlı olaraq keçirilməsi nəzərdə tutulub.