
(Lalə Musaqızı yazır)
Təyyarə qəzasına görə məsuliyyət daşıyanların cəzalandırılması tələb edilir
Kanadadakı Vaterlo Universitetinin riyaziyyat üzrə professoru, Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının prezidenti İlham Axundov Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarəyə edilən hücumla bağlı məktub ünvanlayıb. Azərbaycanın Kanadadakı icmasının adından yazılan elektron məktubda İCAO-nun rəhbəri Salvator Şaşitanodan (Salvatore Sciacchitano) dərhal ciddi addımlar atılması tələb edilir. Məktubda bildirilir ki, “ICAO mülki aviasiyanın təhlükəsizliyinin təmin olunmasında böyük məsuliyyət daşıyır. Bu hadisə çoxsaylı insan tələfatına səbəb olmuşdur və beynəlxalq mülki aviasiya təhlükəsizlik normalarının açıq-aşkar pozulmasıdır. Kanada hökumətinin artıq bu hadisəni pislədiyini və mülki aviasiyanın təhlükəsizliyinin qorunması sahəsində qlobal standartlara sadiqlik göstərdiyini yüksək qiymətləndirirəm”.
İ.Axundov ICAO-dan bu hücuma görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir: “Araşdırma, raketin Rusiya qüvvələri tərəfindən həyata keçirildiyini təsdiqləyərsə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı Rusiya Federasiyasının rəsmi üzr istəməsini və təzminat tədbirləri həyata keçirməsini tələb etməlidir”.
Məktubda deyilir ki, beynəlxalq mülki aviasiya icmasının belə bir təhdid qarşısında passiv qalmaq haqqı yoxdur: “Şübhəli hücum mülki aviasiyanın əsasını təşkil edən etimad və təhlükəsizliyi zəiflədir. ICAO-nun bu hadisəyə cavab verməsindəki liderliyi, qlobal normaları təsdiqləmək və bu cür pozuntulara qarşı ciddi tədbirlərin görülməsini təmin etmək baxımından həyati əhəmiyyət kəsb edir”.