Paşinyan Ərdoğanla anlaşdı – Sülhdə vasitəçi, dəhlizdə nəzarətçi dəyişir

Dünya Siyasət

Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə imzalanmasını istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində deyilir.

Erməni nəşri yazır ki, ötən həftə Türkiyə və Ermənistan liderlərinin Nyu-Yorkda (ABŞ) baş tutan görüşündə sülh və Zəngəzur dəhlizi məsələləri müzakirə olunub:

“Türkiyə hökumətinin press-relizində qeyd olunur ki, Baş nazir Paşinyan Prezident Ərdoğana Ermənistan-Azərbaycan nizamlanması prosesinin hazırkı vəziyyəti, müqavilə imzalamağa hazır olması, həmçinin Ermənistan hökumətinin “Sülh qovşağı” layihəsi barədə məlumat verib.

Ərdoğanın görüşdən sonra verdiyi açıqlamadan belə məlum olur ki, Paşinyan Türkiyə dövlətinin başçısından Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsində vasitəçilik etməyi xahiş edib.

Nyu-Yorkdakı Türk Evində jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib: “Ermənistan baş naziri Türkiyənin Azərbaycanla sülhün bərqərar olmasına yardım etməsini istəyir ki, iki qonşu yanaşı, dinc yaşaya bilsin. Biz də buna çalışırıq”.

Ərdoğan qeyd edib ki, iki ölkə arasında sülh yeni imkanlar və nailiyyətlər üçün qapı açacaq və Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi də buna uyğun irəliləyəcək.

Artıq bir neçə gündür Ermənistan hakimiyyətinin yuxarı eşalonu Paşinyan-Ərdoğan görüşü ilə bağlı bir sıra məsələləri diqqətlə müzakirə edir”.

Nəşr vurğulayır ki, Ərdoğan sülh müqaviləsinin imzalanmasına nail olsa, Ermənistanda Rusiyanı Türkiyə əvəzləyəcək.

“Hraparak” hesab edir ki, Paşinyan qarşıdakı seçkidə bu müqavilədən növbəti qələbəsini rəsmiləşdirmək üçün istifadə edəcək:

“Bununla da Qərbin məqsədi həyata keçəcək. Yəni 10 noyabr bəyanatının əksinə olaraq, Zəngəzur dəhlizinə nəzarət Rusiya sərhədçilərinə yox, xüsusi mühafizə şirkətinə veriləcək. Bu, sözün əsl mənasında Rusiyanın regiondan (Ermənistandan) çıxarılması deməkdir. Bu çərçivədə Paşinyanın Ermənistan-Rusiya dövlətlərarası müqaviləsini də pozacağı istisna edilmir”.

Mənbə Qərbin bu anlamda Türkiyəyə dəstək verdiyini iddia edir:

“Paşinyan nəhayət rusları türklərlə əvəzləmək niyyətindədir. Maraqlıdır ki, Qərb də bu ssenarini dəstəkləyir. Təsadüfi deyil ki, Almaniya Xarici İşlər Nazirliyi Türkiyənin regionda sülhün bərqərar olunmasında mühüm vasitəçi olduğunu bəyan edərək, Türkiyənin Ermənistan və Azərbaycan arasında tarixi sülhə töhfə verə biləcəyini vurğulayıb”.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir