İran Prezidenti Məsud Pezeşkian ölkənin ali dini rəhbəri Əli Xameneidən İsrailə birbaşa hücumun qarşısını almağı xahiş edib. Pezeşkian qeyd edib ki, İsrailin İranın milli infrastrukturuna və enerji resurslarına qarşı sərt cavab hücumu təşkil etmək qərarı İran iqtisadiyyatını çökdürə və potensial olaraq ölkənin tənəzzülünə səbəb ola bilər. Bu barədə “İran İnternəşnl” nəşri məlumat yayıb. Xameneinin bu istəyə hansı cavabı verdiyi barədə məlumat yoxdur.
Mövzunu Globalinfo.az-a şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, əgər həqiqətən də belə müraciət olubsa, bu, İran Prezidenti Pezeşkianın daha ayıq olub, emosiyalara qapılmadığından xəbər verir:
“İran proksi qüvvələri “Hizbullah”, HƏMAS və Husilər vasitəsilə İsrailə hücuma keçib, ağır zərbələr endirərsə, ölkə iqtisadiyyatına çox ciddi zərər dəyə bilər. İranın neft sektoru, hərbi obyektləri, infrastrukturu üçün problemlər yaradacaq. Onsuz da bərbad vəziyyətdə olan iqtisadiyyatının daha da ağırlaşması ilə nəticələnəcək. Digər tərəfdən İranda hakimiyyətdaxili qüvvələrin hücumu normal saymaması ehtimalı da var. Şərti olaraq, “islahatçılar” İsrailə hücumu məqbul saymır. Çünki bir tərəfdən “islahatçılar” Qərblə dialoqa hazır olduqlarını bildirir. Belə olduqda Qərbin Yaxın Şərqdəki partnyoru İsrailə sərt hücum danışıqlar prosesinə də mane ola bilər.İran prezidenti Məsud Pezeşkian, İran xarici işlər naziri səlahiyyətlərini icra edən Əli Baqeri Kəni müxtəlif ölkələrin xarici işlər nazirləri, dövlət başçıları ilə telefon danışığında İsraili vurmaq hüququnu özlərində saxladıqlarını, İranın suveren hüququnun pozulduğunu iddia edirlər”.
Politoloqun sözlərinə görə, bir ölkə ərazisində istənilən sui-qəsdin törədilməsinə görə başqa dövlətin ərazisinə hücum etmək məntiqsizlikdir:
“HƏMAS lideri İsmayıl Haniyənin ölümünün İsrail tərəfindən reallaşdığı təsdiqlənməyib. İsrailin İrana hücumu rəsmiləşmədiyi halda Tehranın belə bir yanaşma nümayiş etdirməsi qanuna ziddir. Məsələn, 18 iyun 1994-cü ildə Argentinanın paytaxtında Yəhudilərin Yardımlaşma Mərkəzi binasına bomba qoyaraq 85 yəhudinin ölümünə, 300-dən çox yəhudinin yaralanmasında İrana bağlı terrorçuların olduğu haqqında məlumatlar verilmişdi. Onda gərək Argentina İrana qarşı sanksiya tətbiq edərdi, yaxud da İsraillə birləşib Tehrana hücum edərdi. Ona görə də bu kimi yanaşmalar məntiqsizdir. Çünki İsmayıl Haniyə İran daxilindən hansısa qüvvələr vasitəsilə də vurulmuş ola bilər”.