Azərbaycan nəinki Avropanın enerji təhlükəsizliyində, həm də çoxlu qaz tədarükü təklif etməklə Qərbin və onun qonşu ölkələrinin yaşıl keçidində rol oynaya bilər.
Bunu “resmixeber.az”a açıqlamasında Slovakiyadan olan siyasi şərhçi Jozef Hrabina bu ölkənin Baş naziri Robert Fitsonun mayın 7-də Bakıya səfəri çərçivəsində Azərbaycan qazı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
O vurğulayıb ki, təkcə Azərbaycan qazı deyil, Xəzər regionuna daxil olan digər ölkələr də Avropanın qaz tədarükünün şaxələndirilməsinə töhfə verə bilər:
“Biz indiki Cənub Qaz Dəhlizini Avropanın qaza olan ehtiyacında xilasedici xətt adlandıra bilərik. Bu, Ukrayna üçün də keçərlidir. Biz bilirik ki, Ukrayna üçün qaz tranziti müqaviləsi bu il başa çatır və müqavilənin uzadılacağına heç bir ümidim yoxdur”.
Ekspert qeyd edib ki, Rusiya Avropanın qaz tədarükündə getdikcə daha az rol oynayacaq:
“Belə olan təqdirdə sual yaranır ki, araya kim girəcək? Çünki səhv etmirəmsə, bütün Avropanın 200 milyard kubmetr qaza ehtiyacı var. Rəqəmlərdən əmin deyiləm, lakin iqtisadiyyatlarımız üçün lazım olan yüksək miqdarda qazdan söhbət getdiyini bilirəm. Bunun olmayacağı təqdirdə, sənayelərimiz məhv olacaq. Dolayısıyla Cənub Qaz Dəhlizi, yəqin ki, ən yaxşı həll yoludur, çünki həddindən artıq baha olan LNG qazı (mayeləşdirilmiş təbii qaz – red.) almaq bizim hasilatımızın maya dəyərini artırır. Bu, ixrac etdiyimiz malların qiymətinə təsir edir ki, o da ixracımızı beynəlxalq bazarlarda daha az rəqabətə davamlı hala salır”.
J.Hrabina hesab edir ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə prosesə daxil ola bilər:
“Biz Avropa ilə müqayisədə Çin, Hindistan və digər böyük ölkələrin təxminən eynisəviyyəli texnologiya, sənaye məhsullarını daha yaxşı qiymətə təklif etdiyini görürük. Odur ki, bu məsələni, həqiqətən, həll etməliyik və mən qəti şəkildə düşünürəm ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə prosesə daxil ola bilər. Hesab edirəm ki, başda nəqletmə olmaqla qaz infrastrukturunun yaradılması mövzusunda müzakirə olunan digər layihələrə də nəzər salmağa dəyər”.
Bu prosesə Moskvanın münasibətlərə gəlincə, ekspert söyləyib ki, Rusiya artıq Azərbaycana hörmətlə yanaşır:
“Azərbaycan xüsusilə Türkiyə və Rusiyanın regionda maraqlarını balanslaşdıra bildiyinə görə beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Ona görə də qaz məsələsinin Rusiyanı Azərbaycandan uzaqlaşdıracağını düşünmürəm. Rusiya da Azərbaycanın və bölgədə bu ölkə ilə sabit münasibətlərini əhəmiyyətini başa düşür. Düşünürəm ki, bu, Rusiya üçün Cənubi Qafqazda əsas münasibətlərdən biridir və bu əlaqələri qorumaq üçün onlar diqqətli olacaqlar”.
Mütəxəssis son olaraq noyabrda Bakıda keçiriləcək COP29-a diqqət çəkib və söyləyib ki, Azərbaycan nəinki Avropanın enerji təhlükəsizliyində, həm də çoxlu qaz tədarükü təklif etməklə Qərbin və onun qonşu ölkələrinin yaşıl keçidində rol oynaya bilər:
“Biz qazdan çox danışdıq. Amma qaz həm də yaşıl enerji mənbəyi hesab olunur. Tam olaraq elə olmasa da, texniki baxımdan elədir. Bu, kömür yandırmaqdan daha yaxşıdır. Azərbaycan təkcə qazdan ibarət deyil. Siz bu gün dünyaya ölkənin son 30 il ərzində əhəmiyyətli transformasiya keçdiyini göstərirsiniz. Azərbaycan əhəmiyyətli dərəcədə inkişaf edib. Bir çox insanı yoxsulluqdan xilas edib. Bura COP ilə gələn diqqətin həm sizin üçün, həm də dünya üçün çox faydalı ola biləcəyi bir yerdir, çünki gələnlər Azərbaycan və ya Slovakiya kimi kiçik dövlətlərin də öz uğur hekayələrini yaza bildiyini görə bilərlər”.
www.RESMIXEBER.az