“Prezident İlham Əliyev dünyada bir ilkə imza atan liderdir”.
Bunu resmixeber.az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Səfa Zülfüqar oğlu Bağırov deyib.
O bildirib ki, ən böyük arzusu Füzuli şəhərinə köçmək idi:
“Bəlkə də, dünyanın heç bir yerində belə praktika yoxdur. Torpaqlar azad olunandan cəmi üç-dörd il sonra məcburi köçkünlər öz yurd-yuvalarına köçürüldülər. Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı. Hələ də proses davam edir.
Mən Füzulidən çıxanda 41 yaşım var idi, indi 75 yaşım var. Nəvə-nəticələrimlə öz yurduma qayıdıram. Çox sevincliyəm.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 39 ailə (150 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Füzuli şəhərində 744 ailənin, yəni 2 839 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova
www.102info.az