Başlıbel kənd sakini: “Mən öz dayımı belə, kənddən çıxara bilmədim” – FOTO

Cəmiyyət




Bu gün Başlıbel faciəsinin ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür.

Başlıbel kənd sakini Əməkdar müəllim Hüseyn Şahbəndəyev hadisə ilə bağlı resmixeber.az-a danışıb.

O bildirib ki, Kəlbəcər rayonunun ən iri yaşayış məntəqələrindən olan Başlıbel həm də rayonun ən abad və hərtərəfli inkişafa malik olan kəndlərindən biri olub.

“Heç kəs Kəlbəcərin ermənilər tərəfindən işğal olunmasına inanmaq istəmirdi. Hamı elə düşünürdü ki, bu da erməni təxribatının bir formasıdır və yəqin ki, ötüb gedəcək. Buna görə də, Başlıbel kəndini tərk etmək istəmirdilər. Lakin aprelin 1-i axşam saatlarında rayon mərkəzində yaşayan başlıbellilər xəbər gətirdilər ki, siz mühasirədə qaldınız və çıxa bilməyəcəksiniz. Buna görə də, pərakəndə halda camaat kəndi tərk etdi. İlk olaraq tunel yolu ilə qadınlardan və uşaqlardan ibarət dəstəni yola salmaq qərarı alındı. Ancaq 18 kilometr getdikdən sonra kəndlərin yandığını görən kənd sakinləri geriyə qayıtdılar və camaat qarlı, keçilməz dar cığırları ilə Kəlbəcərə doğru yön almalı oldu”, – deyə Əməkdar müəllim bildirib. Onun sözlərinə görə, həmin vaxt kəndi hamı tərk etmədi.

“Hətta mən öz dayımı belə kənddən çıxara bilmədim. Mənim sözümə inanmadı. Qohumlardan bəziləri inanmadı, dedilər ki, hay-küyə düşmüsünüz. Beləliklə ilk gündə 9 nəfər Kəlbəcərə çatmamış ermənilər tərəfindən mühasirəyə alındı, onlardan 5-i girov götürüldü. İki nəfər isə qətlə yetirildi. Sonrakı günlərdə kənddə qalan əhalidən 62 nəfəri kahalara sığındı və mühasirədə qaldılar. Aprel ayının 18-də ermənilər onların yerlərini tapdılar və 18 nəfər kənd sakinini qətlə yetirdilər. 14 nəfəri isə girov götürdülər. Bir nəfər hələ də itkin sayılır”.

Hüseyn Şahbəndəyev qeyd edib ki, başlıbellilər heç vaxt susmayıblar faciənin ilk günlərindən erməni vəhşiliklərini həm respublika daxilində həm də respublikadan kənarda diqqətə çatdırmaq istəyib.

“Bu barədə müxtəlif təşəbbüslər göstərmişik. Aprelin 4-də məcburi köçkün kimi mən və ailə üzvlərim İsmayıllı rayonuna getdik. Orada yaşamalı olduq. Orada şair Musa Yaqubla görüşdüm. Faciə haqqında ona məlumat verdim. Kəlbəcərin işğalı ilə barışmazlıq ifadə edən yazımı redaksiyaya təqdim etdim. Musa müəllim yazını oxudu və müəyyən redaktələr etdi. “Kəlbəcəri verməmək olardı” adlı yazım mayın əvvəllərində “Cavanşir Yurdu” qəzetində çap olundu. Bundan sonra müxtəlif ziyalılarımız – müəllimlər, alimlər və jurnalistlər – Başlıbel faciəsi haqqında müxtəlif illərdə yazılar dərc etdirdilər. 2016-cı ildə bizim ilk qələbə soraqlı əməliyyatlarımızdan (Aprel döyüşləri) sonra hadisə yenidən gündəmə gəldi. Jurnalistlər bu mövzunu yenidən işlədilər. Faciə haqqında bütün bu sadaladığım və qeyd etdiyim məlumatlar kütləviləşdi, ölkə səviyyəsində yayıldı.  

Cənab Prezident İlham Əliyev BMT-nin tribunasından erməni vəhşiliklərinin ümumi təsvirini verəndə Başlıbel qətliamının da adını çəkdi. Dövlət başçısı Başlıbeldə günahsız əliyalın insanların təpədən dırnağadək silahlanmış ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən danışdı.

Cənab Prezident onların yalnız öz qəhrəmanlıqları və Allahın mərhəməti sayəsində xilas olduqları barədə məlumatı dünyaya yaydı”, – deyə o əlavə edib.

Əməkdar müəllim bildirib ki, Qərb dövlətləri ermənilərin törətdiyi digər vəhşiliklərə susduqları kimi Başlıbel faciəsinə də səssiz qalıblar.

“Bu qətliama görə Ermənistan cəzalanmayıb. Hətta heç bunu qınamayıblar da! Ümid edirik ki, Başlıbel faciəsi beynəlxalaq müstəvidə hüquqi qiymətini alacaq”.

Almaz Qasımova

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir