Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb? – VİDEO

Cəmiyyət




Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə havadarlarının köməyinə arxalanaraq ermənilərin türk-müsəlman əhalisinə divan tutduğu Qəmərli rayonu haqqında süjet hazırlanıb.

resmixeber.az xəbər verir ki, “Qamər türklərinin adını yaşadan Qəmərli” adlı süjetdə ermənilərin tarix boyu “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün bütün hiylələrdən istifadə etmələrindən bəhs olunub.

Bildirilib ki, Qərbi Azərbaycan ərazisinin tarixi abidələri ilə zəngin bir bölgəsi kimi Qəmərli Gərnibasar mahalının düzənlik hissəsində yerləşən qəsəbə olub. Qəmərli adı eramızdan əvvəl VIII əsrdə, yəni 715-ci ildə Urartu çarı I Rusanın ordusunu darmadağın edərək, Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində məskunlaşan Qamər – Kimmer/Kəmər tayfasının adını yaşadan nadir toponimlərdən biridir. Qamər türklərinin adını yaşadan Qəmərlinin yaxınlığında qədim şəhər qalıqlarının mövcudluğu buranın türk-oğuz yurdu olmasının sübutudur.

Qeyd olunub ki, 1828-ci ilə qədər bu ərazidə ancaq azərbaycanlılar yaşayıb:

“1828-1829-cu illərdə bura İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülüb. Onların yerləşdirilməsi üçün Qəmərli kəndinin aşağı hissəsində yeni kənd salınıb və bu kənd Aşağı Qəmərli adlanıb. Kənddə yaşayan azərbaycanlıların sayı 1897-ci ildə 757 nəfər, 1905-ci ildə 870 nəfər, 1914-cü ildə 835 nəfər olub. 1918-ci ilin əvvəllərində Qəmərli erməni vəhşiliyinin qurbanı olub, bölgədə azərbaycanlıların soyqırımı zamanı Qəmərli kəndinin türk-müsəlman əhalisinə divan tutulub, onların bir hissəsi qəddarcasına qətlə yetirilib, sağ qalanlar isə yurd-yuvasından qovulublar. Bölgədə Sovet hakimiyyəti qurulduqdan, erməni-daşnak hərbi qüvvələri darmadağın edildikdən sonra kəndin qaçqın əhalisinin bir hissəsi geri qayıdıb.

Diqqətə çatdırılıb ki, Qəmərli rayonu rəsmi olaraq 1930-cu il sentaybrın 9-da yaradılıb. 1945-ci il sentyabrın 4-dək Qəmərli rayonu, həmin tarixdən etibarən isə Artaşat rayonu adlandırılıb. SSRİ dövründə Qəmərli rayonu İrəvan şəhərinə yaxın yerləşdiyinə və münbit Ağrı vadisi torpaqlarını əhatə etdiyinə görə dəfələrlə inzibati dəyişikliklərə məruz qalıb. 1948-1953-cü illərin deportasiyasında kəndin bütün türk-müsəlman əhalisi zorla Azərbaycana köçürülüb. Lakin bəzi azərbaycanlı ailələr bir müddətdən sonra geri qayıtsa da, son olaraq Qəmərlinin azərbaycanlı əhalisi 1988-ci ildə qovulub və şəhər tamamilə erməniləşdirilib. Rayon üzrə 57 tarixi yer adları dəyişdirilib və nəhayət, 1995-ci ildə Qəmərli, yəni Artaşat şəhəri Ararat mərzliyinin inzibati ərazisinə daxil edilib.

Sonda vurğulanıb ki, erməni vəhşiliyinə şahidlik edən Qəmərli rayonu da zaman-zaman hayların caynağına keçib:

“Lakin əminik ki, azərbaycanlıların Qərbi Azərbaycana yenidən qayıdışı ilə doğma yurdlarımız erməni caynağından xilas olacaq, bu ərazilərdə milli varlığımız bərpa ediləcək və adət-ənənələrimiz yaşadılacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir