Azərbaycanın mina problemi niyə beynəlxalq müstəvidə müzakirə olunmur? – BMT təmsilçisi ilə MÜSAHİBƏ + FOTO

Dünya




Azərbaycanda mina terrorunun qurbanları hər keçən gün artır. 30 illik işğal dövründə tarixi torpaqlarımızda Ermənistan silahlı birləşmələri tərəfindən 1,5 milyondan artıq mina basdırılıb. Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində erməni separatçıları Qarabağda 500 min mina basdırıblar. Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.

Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu gün minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkənin daxili resursları hesabına aparılır. Təəssüflə qeyd etməliyik ki, minalardan ən çox zərər çəkən ölkələrdən biri olmağımıza baxmayaraq, Ermənistanın mina təhdidinin qınanılması, bu ölkə tərəfindən dəqiq mina xəritələrinin Azərbaycan tərəfinə təqdim olunması, eləcə də mina təhdidinin aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyyətin dəstəyi ürəkaçan deyil. Bunu demək kifayət edir ki, 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə müxtəlif ölkələrdəki vəziyyətlə bağlı beynəlxalq təşkilatlar və birbaşa dünyanın dörd yanında minaların təmizlənməsi fəaliyyətləri ilə məşğul olan qurumlar tərəfindən çağırışlar olunsa da, Azərbaycandakı vəziyyətlə bağlı heç bir mesaj paylaşılmadı.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Minalardan Təmizləmə Xidmətinin (UNMAS) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Li Vudyear “resmixeber.az”un ABŞ bürosuna açıqlamasında bildirib ki, UNMAS münaqişədən sonra minalanmış ərazilərdə qiymətləndirmə apararaq BMT-nin İnkişaf Proqramının (BMTİP) vasitəsi ilə Azərbaycan hökumətinin minalarla mübarizə səylərinə dəstək verməsini tövsiyə edib. L.Vudyear qeyd edib ki, yaxın gələcəkdə UNMAS-ın Azərbaycanda minatəmizləmə fəaliyyətini bərpa etmək planı yoxdur:

“Biz hesab edirik ki, BMT-nin müvafiq qurumu olan BMTİP prosesi dəstəkləyir. Azərbaycan hökumətinin minatəmizləmə əməliyyatları ilə bağlı səylərini barəsində ətraflı məlumatımız olmasa da, işlərin yaxşı getdiyini bilirik”.

BMTİP-in bölgədəki fəaliyyətləri barəsində isə demək olar ki, xarici mediada heç bir məlumat yoxdur. Bəs görəsən, bu gün dünyada Ukraynadan sonra ən çox minalardan əziyyət çəkən bir ölkəyə BMT-nin münasibəti niyə qənaətbəxş deyil?

Mövzu ilə bağlı BMTİP rəsmilərinə suallar ünvanladıq. İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvoya ünvanladığımız sorğuya bir neçə həftədən sonra cavab aldıq. Bu, mövcud problemə yanaşmanın bariz göstəricisi sayıla bilər:

– Azərbaycan hazırda Ermənistanın 30 illik işğalı zamanı bölgədə basdırdığı minalar səbəbi ilə ekoloji böhranla üz-üzədir. Təəssüf ki, Ermənistanın miras buraxdığı minaların partlaması nəticəsində həmin ərazilərdə demək olar ki, tez-tez çoxlu sayda mülki şəxs, o cümlədən hərbi qulluqçular həyatını itirirlər. Hətta bizim iki həmkarımız Qarabağda jurnalist fəaliyyətlərini yerinə yetirərkən mina partlaması nəticəsində həlak olub. Ərazilərin minalardan təmizlənməsi üçün BMTİP tərəfindən həyata keçirilmiş və hazırda davam etdirilən fəaliyyətlər barədə nə deyə bilərsiniz?

– Qarabağ bölgəsində geri qaytarılmış ərazilərin mina/müharibənin partlayıcı qalıqları (ERW) ilə çirklənməsi regionda bu problemi əhəmiyyətli dərəcədə kəskinləşdirib. BMTİP Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) institusional və əməliyyat imkanlarını inkişaf etdirməkdə, eləcə də proqram, texniki və resurs səfərbərliyə dəstəyini təmin etməkdə davam edir. Dəstəyə risk təhsili kampaniyası olmaqla 120 000 partlayıcı risk üzrə maarifləndirici broşura, ölkədə ilk minatəmizləyici qadınların təlimi və işə götürülməsi, 100 min hektar ərazinin minalardan təmizlənməsi və 176 min insanın minalarla mübarizə proqramlarına cəlb olunması daxildir.
 
– Mən BMT-də fəaliyyət göstərən jurnalistəm və qurumun fəaliyyətini yaxından izləyirəm. Təəssüflə qeyd etməliyəm ki, təşkilatın rəsmiləri və eləcə də BMT Baş katibinin sözçüsü tərəfindən gündəlik mətbuat konfranslarında müxtəlif ölkələrdəki vəziyyət, o cümlədən Ukraynada mina problemləri ilə bağlı tez-tez bəyanatlar verilsə də, Azərbaycanla bağlı bunu görə bilmirik. Baxmayaraq ki, hazırda Azərbaycan Ukraynadan sonra ən çox minalarla çirklənmiş ölkədir. Nə üçün təmsil etdiyiniz təşkilat bu hərbi cinayəti pisləyən heç bir rəsmi bəyanat vermir və nə üçün beynəlxalq medianı BMTİP-in minatəmizləmə səyləri ilə bağlı fəaliyyətlər barədə məlumatlandırmırsınız?

– Bizim məqsədimiz mina və partlamamış hərbi sursat təhlükəsindən azad olan dünya qurmaqdır və biz bütün dövlətlərin Minaların Qadağası Konvensiyasına qoşulmasını, ona əməl etməsini tövsiyə edirik.

– Ermənistan Azərbaycanın işğaldan azad edilmiş rayonlarında basdırdığı minaların xəritələrini paylaşmaqdan imtina edir və rəsmi məlumatlara görə, Qarabağın minalardan təmizlənməsinin ən azı 10 il çəkəcəyi təxmin edilir. BMTİP dəqiq xəritələr əldə etmək üçün erməni tərəfi ilə əlaqə saxlamağa cəhd edibmi?

– Münaqişədən sonrakı vəziyyətlərdə aidiyyəti tərəflər minaların təmizlənməsini asanlaşdırmaq, daha çox insan tələfatının və xəsarətlərin qarşısını almaq və həyatın normal vəziyyətə qayıtmasını təmin etmək üçün xəritələr də daxil olmaqla mövcud məlumatları qarşı tərəflə bölüşməlidir. Minaların basdırıldığı yerlər haqqında ətraflı məlumatların olmaması Qarabağ bölgəsində minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə bölgəyə geri qayıtmasına əsas maneədir.
 
– Bölgədə minalardan təmizləmə ilə bağlı gələcək planlarınız nələrdir? Yerli mediada BMTİP tərəfindən minaların tez zamanda aşkarlanmasını təmin edən xəritələrin hazırlayacağı və bunun üçün xüsusi avadanlıqların alınmasına kömək ediləcəyi ilə bağlı məlumatlar yer alıb. Bu xəritələr necə hazırlanacaq və nə vaxt hazır olacaq?

– BMTİP Azərbaycan hökumətini və ANAMA-nı əllə, mexaniki vasitələr və minaaxtaran itlərin təkmilləşdirilməsi də daxil olmaqla süni intellekt və vizual görüntülərdən istifadə etməklə minalardan təmizləmə imkanlarının artırılması, torpaqların minalardan təmizlənilməsi üçün ən uyğun və sərfəli üsulların işlənib hazırlanmasını dəstəkləməyə davam edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir