Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 8 il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
Aprel döyüşləri İkinci Qarabağ müharibəsinə gedən yolda ən vacib hadisələrdən biri hesab edilir. Azərbaycan ərazisinin işğalçı və separatçılardan tam təmizlənməsinin bünövrəsi məhz Aprel döyüşləri zamanı qoyulub.
resmixeber .az döyüşlərin 8-ci ildönümü ilə əlaqədar Aprel şəhidlərinin yaxınları ilə əlaqə saxlayıb.
Şəhid kapitan İnqilab Quliyevin atası Çingiz Quliyev resmixeber .az-a açıqlamasında bu günü anmağın onlar üçün çətin olduğunu söyləyib:
“Oğul itkisinə dözmək olur, dözürəm. Amma dost itkisinə dözmək olmur. Oğlum mənim ən yaxın dostum idi. O, çox həssas, qayğıkeş övlad idi. Bəli, çox çətindir, amma xalqım, millətim yanımdadır. 44 günlük müharibə tarixi qələbədir. Ancaq onun əsası 2016-ci il Aprel döyüşlərində qoyulub. Aprel döyüşləri əsaslı dönüşün başlanğıcı idi. Biz Aprel döyüşünə qədər qələbə görməmişdik. Aprel döyüşlərində sübut etdik ki, ermənilərin məğlubedilməzliyi haqqında fikirlər boşdur. Cəmi 18 dəqiqəyə “Ohanyan xətti” yarılmışdı. Onu dağıdan da mənim oğlum kapitan İnqilab Quliyevdir. O öz briqadasını necə qorudusa, bir dənə də itki verilmədi. Qələbədə böyük əməyi olub. Tək mənim oğlumun yox, bütün əsgərlərin.
Döyüşdə barmağını tətiyə qoymadan şəhid olan da qəhrəmandır. Onun qəhrəmanlığı ondadır ki, qorxmadan, çəkinmədən ölümün gözünə dik baxa-baxa döyüşə gedib. Aydın oldu ki, ermənidən qorxaq millət yoxdur.
Mən oğlumun iki övladını vətənpərvər yetişdirmək üçün çalışıram. Sizə də təşəkkür edirəm. Şəhidlər güllə yarasından ölmür. Onlar unudulanda ölürlər”.
Şəhid baş leytenant Cavid Dədəkişiyevin atası Gülbala Dədəkişiyev də oğlu ilə fəxr etdiyini söyləyib:
“Bu gün Azərbaycanın bütün dünyaya car çəkdiyi gündür. Mən oğlumla fəxr edirdim. Özüm də hərbçi olmaq istəyirdim, ancaq mənim arzumu oğlum həyata keçirdi. Cavid çox müdrik insan idi. O, döyüşlər zamanı böyük şücaət göstərib. Düşmənlə üzbəüz mövqedə son gülləsinə qədər döyüşüb. ”Gülləbatmaz” adlı postu təkbaşına götürüb. İçəridə 15 erməni olub, onları təkbaşına məhv etmişdi. 44 günlük döyüşdə onun kimi şücaət göstərən oğullarımız çox olub. Bu gün onun anım mərasimi keçirilir. Anası, məktəb kollektivi onun məzarı üstündədirlər. Kənd camaatı da oranı ziyarət edir. O bilirdi ki, bu hadisə baş verəcək, ona görə ailə qurmadı. Deyəndə evlən, övladın olsun, deyirdi ki, mənim övladım var, öz əsgərlərini hər kəsdən çox sevirdi”.
Əsgər Murad Məmmədovun atası Vaqif Məmmədov 8 ildə oğlunun yoxluğunun ailəyə çox təsir etdiyini deyib:
“Lakin bu günü qürur hissi də keçiririk ki, onların başladığı bu döyüşü artıq yoldaşları başa çatdırdı. Bu da bizim üçün əhəmiyyətlidir. Qarabağ azad olunanda şəhid balalarımızın qanının alınması bizim üçün ən önəmli məsələlərdən biri idi. Bu da oldu. Onlar Ağdərə istiqamətində şəhid olublar. Çox istəyirəm ki, Qarabağa gedim.
İnşallah, qismət olar, gedib o yerləri görərəm. Muradın anası da Qarabağa getməyi çox istəyir.
Arzu edirəm ki, xalqımıza, millətimizə həmişə əmin-amanlıq olsun. Ölkə başçısının göstərdiyi səylər həmişə xalqımız üstündə olsun. Gələcək nəsillərimiz firavan, rahat yaşasınlar”.
www.102info.az