“Fluminense”nin yarımmüdafiəçisi Felipe Melo zorlamada ittiham olunan həmyerlisi Dani Alveş barədə danışıb.
Daha əvvəl “Yuventus”, “İnter” və “Qalatasaray” kimi klublarda da çıxış edən oyunçu “Barselona”nın keçmiş müdafiəçisinin girov müqabilində azadlıqda olmasını kəskin qınayıb.
“Kimsə bu barədə danışmaq məcburiyyətində deyil, amma şərh etməkdə də problem görmürəm. Mənim 15 yaşlı qızım var… Qızıma belə etsəydilər, çətin ki, burada olub sizə bu müsahibəni verərdim. Qadınlara da, kişilərə də hörmət edilməlidir. Daniel Alveş artıq həbsdən çıxıb. Bir qadına bunu edən üçün bunun (cəzanın – red.) kifayət olduğunu hesab etmirəm. Qızın ailəsinin hisslərini nəzərə alın. Övladlarımıza təhsil vermək borcumuz var, onları maarifləndirmək lazımdır ki, belə hadisələr baş verməsin”, – deyə Melo bildirib.
Xatırladaq ki, martın 25-də Dani Alveş apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. O, girov ödəməsi ilə yanaşı, iki pasportunu (Braziliya və İspaniya) təhvil verib. Odur ki, futbolçu İspaniyanı tərk edə bilməyəcək, həmçinin, həftədə bir dəfə məhkəməyə getməlidir.
Mənbə: Globo
www.RESMIXEBER.az