Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? – ŞƏRH + FOTO

Siyasət

2020-ci ildə 44 günlük müharibə Azərbaycanın şanlı qələbəsi ilə başa çatdıqdan sonra həm ABŞ, həm də Avropa dövlətlərinin bir sıra rəsmiləri, qurumları müxtəlif dövrlərdə açıqlama verərək, iki ölkə arasında sülhü dəstəklədiklərini bəyan ediblər. Zaman-zaman səsləndirilən bu tip bəyanatların ardınca ikiüzlü siyasət, ikili standartların üzə çıxması isə əslində, Cənubi Qafqazda sülhün Qərbə lazım olmadığını üzə çıxarıb. Rəsmi Vaşinqton da, ABŞ rəsmiləri də sülhü dəstəkləməklə bağlı bəyanatlarında səmimi olmadıqlarını növbəti hərəkətləri ilə sübuta yetiriblər. Bu yaxınlarda məlum olub ki, 5 aprel tarixində Brüssel şəhərində ABŞ, Aİ və Ermənistan arasında sammit keçiriləcək. Görüşdən əvvəl isə boğazdan yuxarı bəyanatların səslənməsi, əslində, məqsədin tam başqa olmasına dəlalət edir. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verərək, bu sammitin erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələrinin yaratmasına səbəb olacağını bildirib. Azərbaycan diplomatiyası öncədən xəbərdarlıq edərək, bundan sonra baş verəcək hadisələrdə Qərbin günahkar olduğunu, eyni zamanda, oynanılan çirkin oyundan xəbərdar olduğunu bildirib. Rusiya XİN də bənzər açıqlama verərək, Qərb dövlətlərinin Cənubi Qafqazda çirkin maraqlarının olmasını, Ermənistanın isə bu oyunda alət olduğunu bildirib.

Əslində, belə bir konfransın keçirilməsi və açıq-aşkar dəstək mühitinin formalaşdırılması bir daha onu sübut edir ki, Qərb rəsmilərinin sülhlə bağlı bəyanatı ikiüzlülükdən başqa bir şey deyil. Çünki Bakı və İrəvan arasında sülhün imzalanması, kommunikasiyaların açılması artıq tərəflərə ehtiyacın qalmadığına dəlalət edəcək və Qərbin regionda təsir imkanları xeyli zəifləyəcək. Bir müddət sonra isə Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə vasitəçiyə belə ehtiyac qalmayacaq. Bu isə Vaşinqton və Brüsselin regiondakı çirkin oyunlarının sona çatması sayıla bilər. Bu səbəbdən də sülh danışıqlarını mümkün qədər ləngitmək, regiondakı gərginliyin davam etməsini təmin etmək hazırda Qərbin əsas prioriteti sayıla bilər.

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı açıqlaması, erməni siyasi elitasının, məsələn, spiker Alen Simonyan, Tavuş qubernatoru Ayk Qalumyan, Vətəndaş Sazişi Partiyasının deputatı Ovik Ağazaryan, Tavuş vilayətinin deputatı Vahe Qalumyan kimi şəxslərin sözügedən kəndlərin Azərbaycanın ərazisi olması ilə bağlı etirafları da yəqin, Qərbin nəzərindən yayınmayıb. Çünki kəndlərin Azərbaycana qaytarılması sülh danışıqları, delimitasiya və demarkasiya komissiyalarının fəaliyyəti üçün müsbət addım sayıla bilər. Belə bir tendensiya isə Vaşinqton və Brüsselin maraq dairəsində deyil. Ehtimal etmək olar ki, məhz elə bu səbəbdən də sammitdən sonra sərhəddə gərginlik müşahidə edilə bilər və Ermənistanın sülhü baltalamaq ritorikası güclənəcək. Paşinyan hökuməti ağalarından aldığı sifarişi yerinə yetirmək üçün sülhdən yayınacaq.

Eyni zamanda, ehtimal edilir ki, 5 aprel tarixində Nikolun növbəti tapşırığı Ermənistandakı Aİ müşahidə missiyası ilə bağlı olacaq. Çünki son dövrlər müşahidəçilərin sayının artırılması fonunda növbəti mərhələdə onların silahlı olması da siyasi kulislərdə gəzən söhbətlər arasındadır.

Qeyd etmək yerinə düşər ki, Aİ-yə üzv olmaq və NATO-ya qoşulmaq xülyası ilə yaşayan erməni hakimiyyətinin xəyallarının suya düşməsi gün kimi aydındır. Birincisi, Aİ-yə üzv olmaq üçün onillərdir növbədə gözləyən və standartlarını artıran, bu məsələdə şansı Ermənistandan çox olan ölkələr olduğu halda, İrəvanın bu ittifaqa qoşulması absurddur. Eyni zamanda, Paşinyanın arzularından biri də ABŞ və müttəfiqlərinin erməni dövlətinə təhlükəsizlik təminatı verməsidir. Amma artıq Birləşmiş Ştatların bəzi analitikləri bildiriblər ki, ABŞ və onun müttəfiqləri Ermənistana NATO Müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulan təhlükəsizlik təminatlarını verə bilməzlər və bunu siyasi cəhətdən də istəmirlər.

Çünki rəsmi Vaşinqton Ermənistan məsələsində öz tərəfdaşları və müttəfiqləri ilə əməkdaşlıq etməyi daha üstün tutur. Bu sıraya isə Fransa daxildir və Yelisey sarayı erməni dövlətini öz proqramlarına daha çox cəlb etmək üçün addımlar atır. Bu səbəbdən də ABŞ-nin İrəvanın təhlükəsizliyini təmin edəcəyini düşünmək absurddur. Eyni zamanda, nə Fransa, nə də rəsmi Brüssel bu məsələdə bir neçə silah müqaviləsi, təlimdən o yana keçəcək.

Bütün bunlar isə sübut edir ki, Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün əlindən gələni edir. Bu işdə isə Qərbdəki himayədarlarından dəstək və təlimatlar alır. Əslində isə rəsmi İrəvan getdikcə dalana dirənir. Paşinyan Avropanı dövlətinin təhlükəsizliyi üçün qarant saymağa başlayıb. Bu isə Kremlin daha da qıcıqlanmasına səbəb olur. Təsadüfi deyil ki, Rusiya XİN başçısı Sergey Lavrov məsələ ilə bağlı bir neçə açıqlama verib. Nazir, eyni zamanda, Putinlə Paşinyan arasındakı söhbətlərin bəzi detallarını da təqdim edib. Bu isə artıq ciddi mesajdır və növbəti mərhələdə bəzi söhbətlər tam çılpaqlığı ilə cəmiyyətə ötürülə bilər. Bu isə erməni cəmiyyətində ciddi çaxnaşmaya səbəb olacaq. Müxalifət isə bundan faydalanaraq, Paşinyanın hakimiyyətinə son qoymaq üçün fəaliyyətini gücləndirə bilər.

“resmixeber.az” İnformasiya Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir