Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib.
Bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:
“Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi, UNEC missiyasına töhfə vermək istəyini bildirib. Müraciətini nəzərə alaraq onu bu gün UNEC rektorunun müşaviri təyin etdim.
UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Nobel mükafatı laureatı professor Məhəmməd Yunusa öz adımdan və UNEC kollektivi adından təşəkkür edirəm”, – rektor bildirib.
Qeyd edək ki, Məhəmməd Yunus 1940-cı ildə anadan olub. Banqladeşli professor ilk dəfə 2016-cı ildə ölkəmizdə olub. O, 20 fərqli ölkənin universitetlərində 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatına, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, “ABŞ prezidentinin azadlıq medalı”nı və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir. Onun adı “Son 25 ilin ən nüfuzlu biznes adamları”, “Dövrümüzün 12 dahi sahibkarı”, “Top 100 intellektual şəxs” kimi önəmli siyahılarda da çəkilir.
www.RESMIXEBER.az