“Şamaxı Astrofizika Rəsədxanasının bizə verdiyi təqvimə görə, ehtimal olunan Qədr gecələrindən birincisi martın 28-nə, ikincisi 30-a, üçüncüsü aprelin 1-nə, sonuncusu aprelin 5-nə təsadüf edir”.
Bunu resmixeber.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev bildirib.
“Qurani-Kərim” islam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlüklə nazil olub. Bu gecəni də Allah gizlin saxlayıb, səbəbi isə odur ki, insanlar çoxlu Qədr gecəsi keçirə bilsinlər. Peyğəmbər “Qədr gecəsi hansı gündür?” sualını verəndə: “Sonuncu 10 gündə axtarın”, – cavabını alıb. Buna görə də Ramazan ayının son ongünlüyünə çatanda çoxlu dualar edərək Quranın savabından bəhrələnməliyik”, – o deyib.
İlahiyyatçının sözlərinə görə, Qədr gecəsinin özünə aid əməl, dua, zikrləri var:
“İnsan Qədr gecəsinə çatıbsa, səhərə qədər yatmayıb dua etsə, namaz qılsa, ibadət etsə, yaxşıdır. İmkan varsa, qüsl etməli, bunu edə bilmirsə, dəstəmaz almalı, iki rükət namaz qılmalı, xüsusi zikr və duaları oxumalı, çoxlu istiğfar etməli – yəni günahlarını xatırlamalı, tövbə edərək bağışlanmağını istəməlidir.
Qədr gecəsində imkanı olanların süfrə açıb, maddi cəhətdən yoxsullara dəstək olmaları, savab işlər görmələri məsləhətdir. Müqəddəs gecədə oyaq qalmağın savabı böyükdür. Qədr gecəsində dünyasını dəyişmiş insanlar üçün, Vətən, dövlət üçün də dualar olunmalıdır”.
Aliyə Yahyayeva
www.RESMIXEBER.az