Balakən rayonunun Qazbinə kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb və sakinlər üçün ciddi problemə çevrilib.
Bu barədə “resmixeber.az”un Şimal-qərb bürosuna yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralından Qazbinə kəndinə qədər olan 3 kilometrlik yol tamamilə dağılıb.
“Kənddə 1500 nəfərə yaxın sakin yaşayır. Bu vaxta qədər bir dəfə də olsun yola asfalt örtüyü çəkilməyib. Daşlı-kəsəkli olan yolda yaranan çalalar avtomobillərin hərəkətinə maneə yaradır. Yağış yağdıqda piyadalar palçıqlı yolda çətinliklə hərəkət edirlər. Qış aylarında isə kəndə gəliş-gediş mümkünsüz olur”, – deyə sakinlər qeyd ediblər.
Qazbinə, Şambulbinə, Qaracabinə və Salban kəndlərinin daxil olduğu Mahamalar kənd bələdiyyəsinin sədri Kamal Beknalov bildirib ki, kəndin daxili yollarının uzunluğu 8 kilometrdir:
“Hər il kəndin 3 kilometrlik mərkəzi yoluna və daxili yollarına daş-çınqıl tökülür və texnika vasitəsi ilə hamarlanır. Lakin yağan yağışlar nəticəsində çınqıl qatı yuyulur. Bununla belə, bu il Qazbinə kəndində yolun asfaltlanması layihəsinin icrası nəzərdə tutulub”.
www.RESMIXEBER.az