Ağcabədi sakinindən 4 kiloqramdan artıq heroin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sədi Cəfərov saxlanılıb. Həmin şəxsin üzərindən və rayonun Hindarx qəsəbəsindəki evindən dörd kiloqramdan artıq heroin aşkarlanıb. Dindirilmə zamanı S.Cəfərov narkotik vasitəni satış məqsədi ilə Ağcabədi rayonuna gətirdiyini bildirib.
Bundan başqa, rayon ərazisində son bir ay ərzində keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 19 nəfər saxlanılıb. Nəticədə beş kiloqramdan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
www.RESMIXEBER.az