Şəkidə binaların fasadı, dayanacaqlar və ya dirəklərin üzəri reklam lövhələrinə bürünüb.
Bizim.media-nın yerli bürosu xəbər verir ki, bu say günü-gündən artmaqdadır.
Vətəndaşlar, xırda sahibkarlar öz elan və reklamlarını təşkil etmək üçün bu cür asan yola əla atırlar. Şəhər sakini Elxan Babayev bildirir ki, indi şəhərin istənilən küçə və dalanında istənilən binaların fasadında, eləcə də dirəklərdə elan və reklamlara rast gəlinir. Bu vəziyyət isə turizm şəhəri Şəkinin estetik görünüşünə xələl gətirir. Kağız şəklində yapışdırılan elanlar daha sonra cırılır və qoyduğu iz xoş olmayan mənzərə yaradır.
Əslində elan və ya reklam yerləşdirmək üçün xüsusi yerlər ayrılır. Həmin yerlərdə isə reklam yerləşdirmək istəyən şəxslər müəyyən ödəniş etməlidirlər. Bu cür hallara qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunur.
Ekspertlər isə problemin həlli yolunu insanların öz elanlarını ödənişsiz yapışdırması üçün xüsusi lövhələrin olmasında görürlər.
Bəs problemin aradan qaldırılması istiqamətində Şəkidə hansı işlər aparılır?
Təəssüf ki, məsələ ilə əlaqədar yerli bələdiyyə və Şəki Şəhər İcra Hakimiyyətindən hər hansı cavab ala bilmədik. Cavabdeh qurumlar bu barədə düşünmür desək yanılmarıq. Çünki hər iki qurum məsələni bir-birinin üzərinə atmaqla yaxasını kənara çəkir. Bir sözlə, məsələyə nəzarətin kimin həyata keçirdiyini aydınlaşdırmaq müşkülə çevrilib.
www.RESMIXEBER.az