Bakıda gecəyarısı sevgilisini maşında gördü: “Səsləri gəlirdi…” – Şok təfərrüat

Cəmiyyət

Bakının Xəzər rayonunda 2004-cü il təvəllüdlü Telman qısqanclıq zəminində mübahisə zamanı sevgilisi Ləmanla münasibət saxlayan Ayaza (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Telman 22 iyun 2023-cü ildə gecə saat 04.00-da Xəzər rayonu, Qala qəsəbəsi, Yeni sahədə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Ləmanın sərnişin qismində əyləşdiyi taksi fəaliyyəti ilə məşğul olan Ayazın idarə etdiyi “Khazar LX” markalı avtomobildən düşdüyünü görüb.

O, Ayazla Ləmanın kişi-qadın münasibətində olmasını düşünüb. Bu münasibətlə bağlı dəqiqləşdirmə aparmadan özündə olan bıçaqla Ayazın bədəninin müxtəlif nahiyələrinə üç zərbə vurub.

Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ləmanla qeyri-rəsmi yaşayıb: “Hadisə günü saat təxminən 24.00-01.00-də Ləman mənə Xırdalan şəhərinə işə getdiyini dedi. Qısa müddət sonra özünü xəstə hiss etdiyini, işdə əyləşə bilmədiyini, bu səbəbdən Xocəsən qəsəbəsində tanışının yanına gedəcəyini söylədi. Sonra Xocəsən qəsəbəsində yaşayan tanışının da yanına gedəsi olmadığını, ürəyinin sıxıldığını və şəhərə getmək istədiyini dedi. Bu zaman aramızda mübahisə baş verdi.

Gecə saat 24:00-01:00 radələrində Ayaz adlı şəxsin avtomobilində olarkən mənə mesaj atdığından qısqandım. Saat təxminən 02.00-da Ləman mənə sevgilisi ilə olduğunu, evə getdiyini dedi. Daha ona heç nə yazmadım. Küçəyə çıxanda onların gəldiklərini gördüm. Küçədə avtomobil dayanmışdı. Ləman sağ tərəfdəki qapıdan düşəndə öpüşmə səsi eşitdim.

Bu hərəkətdən qısqanaraq sağ tərəfdən avtomobilin içərisinə daxil oldum, Ayazla mübahisə etməyə başladım. Avtomobili idarə etməyə başlayanda ona “maşını saxla” dedim, o isə sürməyə davam etdi. Bu səbəbdən bıçaq çıxardım. Lakin Ayaz mənə məhəl qoymadı. Bir-iki dəfə ona bıçaqla zərbələr endirsəm də, zərbələrin dəyib-dəymədiyini bilmədim”.

Təqsirləndirilən şəxs bildirib ki, Ləmanla əvvəllər ev tutaraq birlikdə yaşayıb: “Hadisə olan dövrdə isə birlikdə yaşamırdıq. Ləman 27 yaşlı boşanmış qadındır. Hadisəyə yaxın zamanlarda artıq, demək olar ki, ayrılmışdıq. Ayazı vurduğum mətbəx bıçağını evdən götürmüşdüm. Mənim onu bıçaqlamaq fikrim olmayıb. Yalnız qorxutmaq istəmişəm”.

İş üzrə zərərçəkmiş Ayazın sözlərinə görə, iyunun 21-də axşam saatlarında Ləman ona zəng edib: “Xırdalandan çıxdığını, onu evə aparmaq lazım olduğunu dedi. Ləmana “Sədərək” ticarət mərkəzində, yanımda müştəri olduğunu dedim. Daha sonra Lımanı Xocəsən qəsəbəsindən götürdüm. Avtomobilimdə əyləşən müştəriləri Lökbatan qəsəbəsində düşürtmüşdüm.

Metronun “Koroğlu” stansiyasının yaxınlığında Ləmanın mobil telefonla oynadığını, daha sonra isə yatdığını gördüm. Ona mobil telefonun yerə düşməməsi üçün “bardaçok”a qoymasını təklif etdim. Ünvana çatana yaxın Ləmanı oyadaraq harada saxlamalı olduğumu soruşdum. O, küçənin başında saxlamağımı bildirdi.

Ləman avtomobildən əşyalarını götürəndə Telman qabaq sərnişin tərəfdən avtomobilə əyləşdi, Ləmanı da içəri saldı.

Telman mənə əl-qol atmağa başladıqdan sonra qəflətən bədənimdən qan axdığını gördüm. Bıçaq qolumun altından dəymişdi. Mən Telman və Ləmanı avtomobildən düşürmək üçün maşını irəli sürməyə başladım. Daha sonra Ləman Telmanı, mən isə Ləmanı avtomobildən çölə çıxardım.

Dostumla əlaqə saxlayaraq onunla görüşdüm, tibbi bint aldım. Lakin hadisədən bir gün sonra halım pisləşdiyi üçün xəstəxanaya aparıldım”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Telman 6 il 3 ay 17 gün müddətə azadlıqdan məhrum edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir