Ukrayna üçün çətinliklər: İki hadisə, dörd ümumi qorxu – TƏHLİL + FOTO

Dünya


Ukrayna daha bir şəhərini – Avdeyevkanı – Rusiya qoşunları qarşısında müdafiə edə bilmədikdən sonra cəbhədə daha ağır durumun sancılarını yaşayır.

Artıq Ukraynanı Qərbdən verilən təhlükəsizlik vədləri sakitləşdirmir. Hətta 60-cı Münhen Təhlükəsizlik Konfransında Prezident Volodimir Zelenskinin çıxışları və görüşləri belə, Ukrayna üçün fəlakətli nəticələrə hazırlıq ssenarisini təqdim edir.

Münhen Təhlükəsizlik Konfransında Zelenskinin: “Ukrayna tək qalsa, Rusiya bizi məhv edəcək. Əgər indi hərəkətə keçməsək, Rusiya qarşıdakı bir neçə ili təkcə Ukrayna üçün deyil, həm də başqalarını fəlakətə çevirməyə nail olacaq”, – deməsi özü çox şeyi izah edir.

Qısası, Rusiya-Ukrayna müharibəsində Kiyevin düşüncə dinamikası zəifləyir, çünki ölkənin getdikcə azalan hərbi resursları Rusiyanın yaratdığı istehkam xətlərini yarmağa imkan vermir.

Ona görə ki, silahsız və silahlı ukraynalılar böyük itkilər verməyə hazır olan Rusiya qüvvələrinə qarşı xətti saxlamaq üçün tələb olunan resurslara malik deyillər.

Yayda Ukraynanın başlatdığı əks-hücum əməliyyatlarının kor nəticəsi bu deyiləni aydın təsvir etməyə yol açır.

Əslində, Ukrayna həm siyasi iradədə, həm də hərbi müstəvidə dirənmə göstərir, yəni bu müqavimət olmasaydı, Rusiya qoşunları çoxdan başqa-başqa şəhərləri tutmuşdu.

Amma Ukraynanın müqaviməti artıq əvvəlki səviyyədə deyil və getdikcə Qərbdən silah trafikində xəsislik edilməsi Kiyevin cəbhədəki vəziyyətini ağır sınağa çəkir.

Hazırda Ukrayna ABŞ Konqresindən əlavə yardımların təsdiqlənməsinin intizarını çəkir, hərçənd ki, ABŞ-də prezident seçkisi dövrü Kiyevi bir qədər arxa planda tutur.

Yəni Rusiyanın Ukraynadakı irəliləyişlərini ABŞ Konqresinin yeni silahların tədarükə dəstəyini uzun müddət gecikdirməsi ilə əlaqələndirmək çətin olmamalıdır.

Baş verən iki hadisə isə Ukrayna siyasi elitası üçün əhvali-ruhiyyəni pisləşdirir. Onlardan birincisi ABŞ-də Respublikaçılar Partiyasının prezidentliyə lider namizədi Donald Trampın bəyanatıdır.

Cənab Trampın seçki kampaniyası zamanı müdafiə üçün kifayət qədər pul ödəməyən NATO müttəfiqlərini Rusiyanın önünə atmaq haqqındakı dedikləri Trans-Atlantik məkana nəzəri şokdur.

İkincisi, Rusiyanın kosmosda istifadə üçün nüvə silahı hazırlamaq planlarına dair informasiya məkanına sızan məlumatlar qorxuları artırır.

Bunlar ABŞ-dən Ukraynaya sönükləşən dəstəyin müşayiətində geosiyasi əsəbləri tarıma çəkir.

Həmin “əsəb sistemi” Qərbdə Rusiya ilə əlaqədar tempini yüksəldən dörd qorxu səbəbi ilə korlanır.

Birinci qorxu budur ki, Rusiya Qərbin ən sərt sanksiyalarına rəğmən, iqtisadiyyatını sabitləşdirib və müdafiə, kosmik sənaye sahələrində aktivlərini genişləndirir.

Narahatlıq yaradan ikinci səbəb Rusiyanın Ukraynada istədiyini aldıqdan sonra eskalasiya ssenarilərinin Moskvanın liderliyi altında genişlənəcəyi həyəcanıdır.

Üçüncüsü, Avropanın özünü müdafiə etmək üçün hərbi sənaye potensialının yetərli olmaması və siyasi iradənin haçalanması faktı problemləri artırır.

Halbuki, Avropa müdafiə sənayesi istehsalını sürətləndirir və xərcləri artırır. Ancaq Avropa ölkələrinin ABŞ-nin qüdrətini əvəzləmək imkanı yoxdur.

Avropa İttifaqında Fransanın ordu gücü, o cümlədən donanması, nüvə silahları çoxdan Rusiya üçün çəkindirmə aktı olmalı idi. Avropa İttifaqının üzvü olmayan Böyük Britaniyanın da qüdrəti nədənsə Rusiyaya o qədər təsir göstərmir.

Dördüncüsü, ABŞ Konqresi Ukraynaya yeni yardım paketini təsdiqləmədikcə Rusiya Ukraynada qazanc əldə etməyə davam edə bilər. Cari tabloda Qərbdə bu mövqe az qala kollektiv fikir kimi nəzərə çarpır.

PROQNOZLAR:

Yaxın zamanlarda Ukraynanın Rusiyanın müdafiə xətlərini yarmaq üçün əks-hücuma keçəcəyi gözlənilmir.

ABŞ-də seçki kampaniyasının qızışdırdığı rəqabət ritorikası fonunda Vaşinqtonun Ukraynanı arxa planda saxlayacağı istisna deyil.

Ukraynaya yeni yardım təsdiq edilsə belə, texniki prosedurlar tədarükü gecikdirəcək və bu müddətdə Ukrayna əraziləri Rusiyanın intensiv raket zərbələrinə tuş gələ bilər.

Aqşin Kərimov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir