Aİ-nin qərəzi və ikili standartı – təşkilat Cənubi Qafqazda “ofsaytda” qala bilər – ŞƏRH + FOTO

Dünya


Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazanmasından, ərazi bütövlüyünü təmin etməsindən, bir sözlə erməni işğalına son qoymasından sonra Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması, sülh prosesi gündəmə gəldi. İlk vaxtlardan etibarən vasitəçilik iddiasında olan əsas siyasi mərkəzlərdən biri Avropa İttifaqıdır (Aİ). Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə dəfə görüş olub. Brüssel rəsmiləri hazırda da israrla özlərinin vasitəçiliyini təklif edir, Cənubi Qafqazda sülhdə maraqlı olduqlarını deyirlər.

Amma təşkilat ötən müddət ərzində ciddi nəticəyə nail ola bilməyib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində əldə edilən irəliləyişlər yalnız ikitərəfli təmaslar və Azərbaycanın səyləri fonunda olub. Aİ isə bu müddət ərzində uğursuz görüşlər keçirib, qərəzli bəyanatlar verib, Ermənistana “vəkillik” etməyə çalışıb. Beləliklə, Brüsselin səmimiliyi sual altına düşüb.

Fevralın 20-də Ş.Mişellə N.Paşinyan arasında telefon danışığı olub. Tərəflər bölgədəki durumu müzakirə ediblər. Ş.Mişel görüşlə bağlı özünün sosial şəbəkə hesabında yazıb ki, Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur.

İrəvanla Bakı arasında əlaqələrin normallaşması və regionda əməkdaşlıq mühitinin təmin olunması üçün tarixi şərait yaranıb. Bir çox əngəl artıq aradan qalxıb. Ən əsası, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Bu o deməkdir ki, indi sülh heç vaxt olmadığı qədər yaxındır.

Sözsüz, Aİ kifayət qədər təsir gücünə malik qurumdur. Təşkilat daxilində həm Azərbaycan, həm də Ermənistanla normal münasibətləri olan dövlətlər var.

Bu iki amili nəzərə alsaq, deməliyik ki, Brüssel üçün ötən üç il ərzində sülhə nail olmaq, ən azından ciddi irəliləyiş əldə etmək o qədər də çətin olmamalı idi. Amma nəinki bu müşahidə olunmur, həm də zaman-zaman İrəvanın destruktiv mövqeyinin şahidi oluruq.

Məsələn, Azərbaycanın təkidli çağırışlarına baxmayaraq, Ermənistan hələ də minalı ərazilərin dəqiq xəritəsini Bakıya təhvil verməyib.

Həmçinin fevralın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması, həmçinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan ordusunun Qafan rayonunun Nerkin And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun yaralanması, fevralın 16-da Daşkəsən istiqamətindəki Azərbaycan mövqelərinin iriçaplı silahlardan atəşə tutulması birbaşa olaraq rəsmi İrəvanın destruktiv mövqeyinin təzahürüdür.

Aİ niyə bu təxribatların qarşısını almır? Nə üçün ötən günlər ərzində Brüsselin heç bir rəsmisi İrəvana “gözün üstündə qaşın var” deməyib?! Axı sabotajlar regionda gərginlik yaratmaqla birbaşa olaraq sülh prosesinə zərbə vurur. Doğrudanmı, təşkilat Ermənistan qarşısında aciz qalıb? Əgər belədirsə, Aİ öz gücünü, fəaliyyətinin effektivliyini şübhə altına alır. Yox, belə deyilsə, onda Brüssel səmimi deyil.

Yeri gəlmişkən, adətən üçüncü aktorlar vasitəçilik prosesində ancaq öz maraqlarını nəzərə alırlar. Görünür, bu, Aİ üçün də istisna deyil. Brüssel Cənubi Qafqazda möhkəmlənmək üçün vasitəçilik iddiası ilə çıxış edir və mütəmadi olaraq Ermənistandan yararlanır.

Aİ-nin ayrı-ayrı rəsmilərinin, o cümlədən Fransa generallarının müntəzəm olaraq Ermənistana səfərləri, binoklla Azərbaycan ərazilərini müşahidəsi etməsi də onu deməyə əsas verir ki, Ş.Mişelin və digər Aİ rəsmilərinin əməlləri ilə sözləri arasında 180 dərəcə fərq var. Bu isə o deməkdir ki, Aİ Cənubi Qafqaz “meydanında” tamamilə “ofsaytda” qala bilər.

“resmixeber.az” İnformasiya Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir