Erməni memar etiraf etdi: “İrəvanda ermənilər yaşamayıb” – VİDEO

Siyasət


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Təpəbaşı – oğurlanmış şəhərin sızıltısı” adlı veriliş hazırlanıb.

resmixeber.az xəbər verir ki, “İrəvan türklərinin mədəni irsinin sübutu olan məkan” adlı verilişdə qədim Azərbaycan şəhəri olan İrəvanın tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu kimi qalan Təpəbaşı məhəlləsindən bəhs olunur.

Bildirilib ki, tarixi İrəvan şəhərinin əsas məhəllələri Əski şəhər (Şəhri), Dəmirbulaq və Təpəbaşı olub və XX əsrin əvvəllərinə qədər bu məhəllələrdə azərbaycanlılar yaşayıblar. 1728-ci ildə Osmanlı dövlət məmurları tərəfindən tərtib olunmuş “İrəvan əyalətinin müfəssəl dəftəri”nə görə, bu dövrdə İrəvan şəhəri dörd məhəllədən – Köhnə şəhər, Dəmirbulaq, Dərəkənd və Təpəbaşı məhəllələrindən ibarət olub. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşib, ona görə də Təpəbaşı məhəlləsi adlandırılıb. Təpəbaşında karvansaralar, hamamlar, dükanlar yerləşib, memarlıq abidələri ilə də zəngin olub. İrəvanın nüfuzlu şəxslərinin evləri də Təpəbaşında yerləşib, ona görə də Təpəbaşında bağlar da çox idi. Bütün bunlara görə Təpəbaşı İrəvanın digər məhəllələrindən fərqlənib”.

Diqqətə çatdırılıb ki, indi ərazisinin 16 hektarı qalan Təpəbaşındakı abidələrin qalıqları da buranın Azərbaycan xalqının tarixi-mədəni irsinin bir parçası olduğunu sübut edir: “Kameral təsvirdə Təpəbaşı məhəlləsində 1831-ci ildə 5 hamam olub – Hacı Bəyim hamamı, Hacı Əli hamamı, Qafar və Hacı Fətəli hamamı, Kərim bəy hamamı, Şeyxülislam hamamı. Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində – 1918-1920-ci, 1948-1953-cü, 1988-1991-ci illərdə süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib. İndi ermənilərin Kond adlandırdığı Təpəbaşı İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Bu gün Təpəbaşı məhəlləsi milli koloritini qoruyub saxlamaq əvəzinə, ermənilər tərəfindən xarabalığa çevrilib”.

Süjetdə Ermənistan mətbuatında bu məhəllə haqqında yazı və materiallara yer verilir və əsl gerçəklik göstərilir.

Sonda vurğulanıb ki, Azərbaycan elminə, ictimai-siyasi həyatına, təhsilinə və mədəniyyətinə görkəmli adlar bəxş etmiş Təpəbaşı erməniləşdiriləndən sonra indi tam dağılmaq üzrədir: “Məqsəd qədim Azərbaycan memarlığının izini yaşadan dar küçələri, əyri dalanları və yarı dağılmış tikililəri yox etməkdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir