Ermənistanın mina xəritəsi oyunu: Saxta məlumatlar sülh gündəliyinə kölgə salır – ŞƏRH + FOTO

Cəmiyyət


Ermənistanla Azərbaycan arasında sülh sazişinin, belə demək mümkünsə, dalana dirənməsinin bir neçə səbəbi var. Bunlardan biri də minalı ərazilərin xəritəsinin Azərbaycana verilməməsidir.

Ümumiyyətlə, İrəvan son vaxtlara kimi bu xəritələrin onlarda olduğunu da danırdı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-də bildirmişdi ki, gələcəkdə həmin xəritələrin Bakıya təhvil verilməsi mümkündür. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yanvarın 25-də yaydığı məlumatda göstərilib ki, İrəvan Bakıya səkkiz mina xəritəsini təhvil verməyə hazırdır. Ermənistan KİV-in məlumatına görə isə prosesə şəxsən baş nazir Nikol Paşinyan nəzarət edir. “Hraparak” nəşri yazıb ki, o, bu məsələ ilə bağlı xüsusi iclas keçirib.

Beləliklə, ilk dəfə olaraq A.Mirzoyan xəritələrin Ermənistanda olduğunu təsdiqləmiş oldu. Yayılan digər məlumatlar da həmin topoqrafik xəritələrin Ermənistanda olduğunu təsdiqləyir. Sadəcə olaraq, Paşinyan administrasiyası bu məsələni siyasi alış-veriş predmetinə çevirməyə və gələcək sülh sazişində hansısa maraqlarının təmin olunmasına çalışır. Hərçənd, Ermənistan özü də başa düşür ki, minalı ərazilərin xəritəsinin Azərbaycana verilməməsi sülh prosesini sual altına salmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətdə bu dövlətə qarşı mənfi reaksiya yaradır.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) bu gün işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair Ermənistanın səkkiz formulyarı Azərbaycana təqdim etdiyinə dair məlumat yayıb. Bildirilib ki, təqdim olunan formulyarlar, əsasən, Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir. ANAMA vurğulayıb ki, normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur:

“Lakin əvvəl olduğu kimi, son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.

Ümumilikdə, mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib”.

Qurumun məlumatında qeyd edilib ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib.

Beləliklə, məlum olur ki, Ermənistanın Azərbaycana topoqrafik məlumatları verməsi, əslində, heç də qarşı tərəfin iddia etdiyi kimi, müsbət qiymətləndiriləsi məsələ deyil. Ermənistan daha əvvəl də Azərbaycana xəritələr vermişdi. Amma bunlar qeyri-dəqiq idi. İndi də İrəvan ampluasından kənara çıxmır.

Maraqlısı budur ki, Paşinyan və onun komandası hər fürsətdə sülh prosesində maraqlı olduqlarını deyir və Azərbaycanı ittiham edirlər. Baş nazir fevralın 12-də söyləyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var. Ermənistan Azərbaycanı aldatmağa çalışırsa, riyakarlığını davam etdirirsə, bu, necə qarşılıqlı etimad mühitinin yaranmasına töhfə verə bilər? Və əgər etimad mühiti yoxdursa, tərəflər bir-birinə inanmırsa, deməli, sülhdən də söhbət gedə bilməz.

Görünən odur ki, Ermənistan Azərbaycana, sadəcə, kağız parçaları təhvil verməklə beynəlxalq ictimaiyyət qarşısında xal qazanmağa çalışır. İstəyir ki, üçüncü tərəflər, beynəlxalq təşkilatlar İrəvana əl çalsınlar. Amma Paşinyan bununla sülhə nail ola bilməz.

Statistik məlumatlara görə, Vətən müharibəsindən sonra Azərbaycanda mina qurbanlarının sayı 345 nəfərdir. Bu rəqəmin hər ötən gün artacağı istisna deyil. Və əlbəttə, belə bir təhdid gündəlikdə qaldığı müddət ərzində sülh sazişi də sual altında qalmağa davam edəcək. Bu isə ən çox İrəvanın özünə ziyandır.

Ermənistan öz səmimiliyini Azərbaycana və beynəlxalq ictimaiyyətə göstərmək istəyirsə, istisnasız olaraq bütün doğru formulyarları Bakıya verməlidir. Əks halda, İrəvan davam etdirdiyi oyunlarla yalnız özünə ziyan verəcək, regional əməkdaşlıq imkanlarından məhrum olacaq, kənar güclərin təzyiqləri altında sıxılmağa davam edəcək.

“resmixeber.az” İnformasiya Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir