Novruzun gəlişinin ilk müjdəçisi Xızır Nəbi gecələri fevralın 10-11-də qeyd edilir. Bu, kiçik çillənin sonuncu ongünlüyü, yəni fevralın birinci dekadası başa çatdıqdan sonra olur. Elə həmin andan yazın müjdəçisi olan Xızır gecələri başlayır. Deyilənə görə, bu bayram Xızır peyğəmbərin adı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu bayramı Azərbaycanın qərb bölgəsində Tovuzun Yuxarı Öysüzlü kəndinin sakinləri özünəməxsus şəkildə qeyd edirlər. Bu kəndin sakinləri yüzilliklərdən bəri adət-ənənələrini davam etdirməkdədirlər. Bölgədə bahar bayramını hər kəsdən tez məhz bu kəndin sakinləri qarşılayır – desək, yanılmarıq… “Xızır Nəbi gecəsi”, “Xızır” və ya “Xıdır bayramı” kimi adlandırılan bu bayramı insanlar xüsusi mərasimlərlə qeyd edirlər. Onlar su, torpaq və alovun qovuşduğu, inanc yeri olan Xan çinarının ətrafına toplaşaraq tonqal yandırırlar. Sakinlər həmin gecəni baharın gəlişinin müjdəsi kimi keçirirlər.
İnanca görə, bu gündən sonra qışın məşəqqətləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur. Xalq rəvayətlərinə görə, insanları çətinliklərdən qurtarmaq üçün Xıdır Nəbi qış günlərində evlərə bərəkət paylayır.
Tovuz rayon sakini Rauf Rüstəmov deyir ki, Xızır bayramında ilk dəfə iştirak edir: “Xızır bayramı haqqında hər zaman eşidirdik. Ancaq bu gün şahidi olum. Bu il daha coşqu ilə keçirilir. Həm də bizim Vətən müharibəsi Zəfərimiz, bu xoş ab-hava burada davam edir. Bu bayram qışın son günləri və yazın başlanğıcı, təbiətin, torpağın oyanışı ilə əlaqədardır. İnsanlar buraya gəlirlər, niyyət edirlər. Tədbirlər isə axşam saatlarına qədər davam edir”, – deyə R.Rüstəmov bildirib.
Xızır bayramının atributlarından biri hər kəsin evində “qovud”un olmasıdır. Bu, qədimdə Xıdır Nəbinin insanlara öz köməyini, azuqəsini əsirgəməməsi adət-ənənəsinin davam etdirilməsidir.
Bu gecələrin bayram edilməsi həm də günlərin uzanması, havaların nisbətən isinməsi, yazın gəlişinin hiss olunması ilə bağlıdır. İnsanlar bir-birini yazın gəlişinin müjdəçisi Xıdır Nəbi bayramı münasibətilə təbrik edir, yaz fəslinə, bayramlara hazırlıqlara başlayırlar.
www.RESMIXEBER.az