Fransa tarixinin ən korrupsioner hakimiyyəti: Makron dələduzları himayə edir – ŞƏRH + FOTO

Dünya


Ölkədaxili etirazlar, korrupsiya ittihamları, xarici siyasətdə uğursuzluqlar Fransa gündəmini zəbt edib. Faktiki olaraq hər ay, hər həftə, hər gün Emmanuel Makronun idarə etdiyi ölkədə qalmaqal, etiraz aksiyaları, mitinqlər keçirilir. Nəticədə hazırkı hökumət ölkə tarixinə ən korrupsioner, yarıtmaz hakimiyyət kimi düşmək “şansı” qazanıb.

Media və siyasi dairələrdə rüşvət, korrupsiya və maxinasiyalar Makron hakimiyyətini xarakterizə edən əsas cəhətlər kimi vurğulanır. İrimiqyaslı maliyyə fırıldaqları, korrupsiya piramidasının başında isə birbaşa prezidentin durduğu təsdiqlənir. Belə ki, Fransa lideri daha bir radikal addımla qalmaqalın mərkəzinə düşüb. Yerli mediada yer alan xəbərlərə görə, o, adı korrupsiya qalmaqallarında çəkilən 72 yaşlı Fransua Bayru barəsində məhkəmədə bəraət qərarı çıxarılmasına nail olub. Bu qərar Bayrunun bu həftə yenidən hökumətin tərkibində təmsil olunmasına da səbəb ola bilər.

Məlumat üçün bildirək ki, Bayru MoDem mərkəzçi partiyanın rəhbəri olaraq Makronla bir koalisiyada təmsil olunur, koalisiya 557 nəfərlik parlamentdə 51 yerə malikdir.

Yeri gəlmişkən, üç dəfə prezident seçkisində namizəd olan Bayru 2027-ci il prezident seçkisində Makronun potensial varisləri sırasında göstərilir. Məhz bu şəxs 2017-ci ildə Makronun hakimiyyətə gəlməsində əvəzsiz rol oynayıb, ali posta namizədliyini geri çəkib. Makronun prezidentliyinin birinci ilində isə ədliyyə naziri vəzifəsindən imtina edib. O zaman Bayru Avropa Parlamentinin vasitələrindən sui-istifadə etməkdə ittiham olunmuşdu. Emmanuel Makron da indi korrupsioner Bayrunu dəstəkləməklə imicinə növbəti zərbəni vurmuş olub. Məsələ ondadır ki, adıçəkilən şəxs adı çirkli əməllərdə hallanan ilk adam deyil. Dəfələrlə Makron komandasında təmsil olunan şəxslərin maliyyə fırıldaqları, korrupsiya əməlləri barədə xəbərlər mediada yayılıb.

Ümumiyyətlə isə Makronun özülü korrupsiya və rüşvət üzərində qurulub. Onun 2017-ci ildə seçki kampaniyası zamanı yaşadığı qalmaqalı yada salaq. Seçki kampaniyasında maliyyə saxtakarlığına yol verildiyini Fransa mətbuatı da yazmışdı. Hüquq-mühafizə orqanlarının araşdırmalarına görə, Makron seçki kampaniyası üçün ABŞ-nin “McKinsey” konsaltinq şirkətindən qeyri-qanuni maliyyə alıb. Əvvəlcə iş adamlarının çirkli pulların yuyulması və vergidən yayınması ilə bağlı istintaq başladılıb. Və sonra məlum oldu ki, şirkətlə Makron arasında çox yaxın münasibət var. Əvvəllər bir sıra nəşrlərdə “McKinsey”nin ABŞ kəşfiyyat xidmətləri ilə əlaqəsi olduğu barədə məlumatlar dərc olunub. Bundan əlavə, Makron prezident olanda ştatlardan olan iş adamlarının aldıqları son dərəcə sərfəli hökumət müqavilələri böyük suallar doğurur. Şirkət nümayəndələrinin əvvəlcə Makronun partiyasında, sonra isə hökumətində vəzifələr tutması da diqqət çəkir.

Yeri gəlmişkən, Makronun korrupsiya qalmaqallarında erməni lobbisi ilə işbirliyi də keçir. Fransa prezidentinin ABŞ-nin “Uber” şirkəti ilə gizli razılaşmasını yada salaq. Bu barədə məlumatları Fransa parlamentinin komissiyasının hesabatında da tapmaq olar. Məlumatda qeyd olunur ki, “Uber” Fransa hökumətində ən yüksək səviyyələrdə müttəfiqlər tapıb. Bildirilib ki, bu, Makronla onun kabinetinin üzvləri arasında qeyri-şəffaf, lakin imtiyazlı münasibətlərin göstəricisidir. Məlumata görə, şirkətlə əməkdaşlıq barədə qərarlar dövlət səviyyəsində şəxsi maraqlar əsasında qəbul edilib. E.Makronun Fransanın iqtisadiyyat naziri olarkən “Uber” ilə bağladığı gizli sövdələşmə sayəsində şirkət sürücülərinin təlim saatlarını 250-dən 7-yə necə azaltdığına dair bir hissə də var. Qeyd edək ki, “Uber” ABŞ-nin dünyaca məşhur taksi şirkətidir.

Bu xəbər Fransa prezidentinin əməllərini ifşa edən çox ciddi ittiham idi. Fransa lideri Makronun keçmişi ilə bağlı ortaya çıxan bu faktlar onun əsl simasının, korrupsiya və rüşvətxorluğa meylinin, pul müqabilində siyasi və iqtisadi sövdələşmələr etdiyinin göstəricisi hesab edilə bilər. Onun “Uber” ilə sövdələşməsi faktı, yəqin ki, yeganə belə hal deyil. Bu baxımdan, Makron və komandasının, ailə üzvlərinin və kabinetinə yaxın şəxslərin rüşvət və korrupsiya faktları ilə bağlı yeni faktların ortaya çıxacağı gözlənilir. Yəni hər an belə hallarla rastlaşmaq olar. Məsələn, hər an Fransa prezidenti və komandasının erməni lobbisi ilə maxinasiyaları, onlardan aldığı maliyyələr barədə məlumat yayıla bilər. Sözsüz ki, Makron və komandasının erməni sevgisinin arxasında maliyyə, pul dayanır. Əks halda, Yelisey sarayında oturanlar “ermənidən artıq erməni olmağa” çalışmazdılar.

Beləliklə, bir daha aydın olur ki, Fransa dövlətinin hər zaman bayraq kimi dalğalandırdığı “demokratiya”, “azad rəqabət mühiti”, “azad bazar iqtisadiyyatı” və digər ideyalar, sadəcə, boş sözlər və şüarlardır, əməldə heç nə yoxdur. Qeyd olunan faktlar da özünü demokratiyanın beşiyi hesab edən böyük dövlətin başçısı üçün, sadəcə, ayıbdır. Onsuz da, Makronun siyasəti və Fransada baş verən son hadisələr – fermerlərin həyatı iflic etməsi fransızların böyük narazılığına səbəb olub. Makron da çıxıb əməlləri ilə bağlı açıqlama verməlidir. Lakin görünən də odur ki, o, bu addımı atmağa tələsmir, cəzasızlıq onu yeni-yeni qalmaqallara sürükləyir.

“resmixeber.az” İnformasiya Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir