Göylə gedən oğlan: “Qurtuluş yoxdur, təyyarə də tıxaca düşə bilir” – MÜSAHİBƏ + FOTO

DIN


Bu gün 2 Fevral – Gənclər Günüdür. Belə bir gündə resmixeber.az olaraq, Azərbaycan Hava Yollarının ən gənc pilotu, parlaq gənclərimizdən biri Yusif Quluzadə ilə söhbət etdik. Əvvəlcə həmsöhbətimiz barədə qısa arayış verim:

Əslən Şəmkir rayonundan olan Yusif Quluzadə 28 yaşındadır. 1995-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olub. İlk ali təhsilini Milli Aviasiya Akademiyasında alıb. Dörd il yarımlıq təhsildən sonra isə uçuş dərəcəsini və perspektivini artırmaq üçün İspaniyanın Burqos şəhərində, uçuş akademiyasında təhsilini davam etdirib. 2023-cü ilin iyun ayında ilk dəfə ikinci pilot kimi şturval arxasına keçib. Subaydır.

– Yusif, əvvəlcə sizi Gənclər Günü münasibəti ilə təbrik edirik.

– Çox sağ olun. Mən də bütün gənclərimizi təbrik edir, onlara gələcəkdə uğur arzulayıram.

– Pilot olmaq qərarına nə zaman və niyə gəldiniz?

– Doğrusu, bu qərara, yaşıdlarımdan fərqli olaraq, bir az gec gəldim. Peşə seçimi barədə tərəddüd edirdim, amma həmişə ən böyük arzum o olub ki, insanların ən çətin əldə etdiyi peşənin sahibi olum. Həyat elə gətirdi ki, aviasiyaya, təyyarələrə olan sevgimə görə elə bu sahəsini seçdim və hazırda Azərbaycan Hava Yollarında ikinci pilot kimi işləyirəm.

– Hava gəmisinin kapitanı olmaq üçün ikinci pilota neçə il vaxt lazımdır?

– Bunun üçün daha çox təcrübə və təxminən 2 500-3 000 uçuş saatı olmalıdır. Əlavə olaraq, administrasiya imtahanlarını tamamlamaq və təlimatçı pilotların müşahidəsi altında təlim kapitan uçuşlarını yerinə yetirmək lazımdır.

– Pilot olmasaydınız, hansı sahəni seçəcəkdiniz?

– Maraqlı sualdır… (düşünür) Yəqin ki, diplomat olardım.  Çünki həmişə arzum olub ki, Azərbaycanı xarici ölkələrdə təmsil edim. Diplomat olmaq üçün dil bacarığı lazımdır. Mən də xarici dilləri öyrənməyi çox sevirəm.

– Hansı xarici dilləri bilirsiniz?

– İngilis, rus və türk dillərində səlis danışıram.

– İlk uçuşunuz nə vaxt və hara olub?

– İlk uçuş kimi ikisini deyə bilərəm – biri ilk təlim uçuşum, biri də ilk beynəlxalq uçuşum. İlk təlim uçuşum 2020-ci ildə iyun ayında olub – İspaniyanın Burqos şəhərində. Maraqlı uçuş idi. Təsəvvür edin ki, birinci dəfə təyyarəni idarə edirsiniz, birinci dəfə ayağınız yerdən göyə qalxır (gülür). Hava da çox küləkli, pilot dilində desək, turbulentli hava şəraiti idi. Turbulentlik biz pilotlar üçün əhəmiyyət kəsb edən hava şəraitidir. (Turbulentlik – atmosferdə havanın müxtəlif amillərlə nizamsız yerdəyişməsindən yaranır – red.) İlk dəfə idi ki, göydən İspaniyanın ərazisini aydın görürdüm. Bu uçuşum bir saat yarım çəkdi. İlk beynəlxalq uçuşum isə Bakı-Berlin uçuşu olub. 2023-cü ilin iyun ayında. 

– Həmin gündən indiyə qədər ümumilikdə neçə uçuşunuz olub?

– Bizdə uçuşun sayı yox, uçuş saatı əsas götürülür. “Boeing 767” genişgövdəli hava gəmisində 410 saat uçuş həyata keçirmişəm.

– Necə düşünürsünüz – havaya qalxmaq çətindir, yoxsa enmək?

– Deyərdim ki, havaya qalxmaq nisbətən daha təhlükəlidir, enmək isə çətindir. Çünki qalxanda hər saniyə ani bir tədbir görmək lazım ola bilər. Təyyarə enərkən isə daha çox küləkli hava şəraiti və yaxud aşağı görünüşlü hava şəraitini nəzərə alsaq, pilotdan daha çox güc tələb olunur ki, bu da bizim pilotların ən yaxşı bacardığı işdir.

– Həmin o gün ki, ilk dəfə beynəlxalq uçuşa çıxmaq üçün aeroport ərazisinə daxil oldunuz və ilk dəfə təyyarənin şturvalı arxasında oturdunuz. Nə hiss etdiniz?

– O hiss… Bayaq da qeyd etdiyim kimi, ilk beynəlxalq uçuşum Bakı-Berlin reysi olub. Olduqca maraqlı keçdi. Hava gəmisinin kapitanı, ikinci pilot qismində mən və təbii ki, ehtiyat pilot da var idi. Deyim sizə ki, təcrübəmdə gözlənilməyən, uzaq bir uçuş oldu. Adətən, bizim şirkətdə qısa reyslər olur, amma şans elə gətirdi ki, mənim qismətimə uzunu düşdü – beş saat Berlinə, dörd saat yarım isə əks istiqamət olaraq Bakıya, Heydər Əliyev Hava Limanına. Uçuşun ən maraqlı tərəfi o idi ki, təcrübə müddətində görmədiyim şeyləri gördüm, yaşadım. Təbii ki, həyəcanlı idim, həm də çox həyəcanlı idim. (gülür) Bir daha qürur duydum ki, nə yaxşı, mən pilot olmuşam. Çox böyük hiss idi…

– Ehtiyat pilot bütün uçuşlarda olur?

– Xeyr, təcrübədə olan pilotun hava gəmisindəki ilk 8-10 təlim uçuşlarında olur. Səbəb sadədir: uçuş vaxtı hər hansı neqativ hal baş verərsə, təcrübədə olan pilotun hava gəmisini tək idarə etməsi risklidir, bu səbəbdən ehtiyat pilotun kabinədə olması vacib haldır.

– Niyə Berlinə beş saat, oradan geri qayıdanda dörd saat yarım vaxt tələb olunur?

– Ona görə ki, birincisi, Yer kürəsinin öz oxu ətrafında fırlanma istiqamətidir. Üzü şərqdən qərbə olan uçuşlar daha uzun vaxt aparır. Digər səbəb isə küləyin istiqamətidir, çünki hündürlükdə küləyin sürəti daha sürətlidir, bu da birbaşa təyyarənin sürətinə təsir edir.

– Təyyarədə ən təhlükəsiz yer hara hesab olunur – pilotların kabinəsi, yoxsa “quyruq”?

– Əslində, “təyyarədə ən təhlükəsiz yer” deyə bir anlayış yoxdur. Çünki təyyarənin özü təhlükəsiz nəqliyyat vasitəsi hesab olunur. Hətta dünyada ən təhlükəsiz nəqliyyat vasitəsi məhz təyyarə hesab edilir. Bunun üçün isə bütün uçuş heyəti, bort bələdçiləri xüsusi ixtisaslaşmış kurslar keçirlər, təyyarənin özü qəza-xilasetmə avadanlıqları ilə tam təchiz olunur. Bu gün təyyarələrimiz o qədər moderndir ki, hər bir qəza enişində təhlükə önlənir. Hər bir halda sağ-salamat sərnişinləri mənzil başına çatdırırıq.

– Kapitan və ikinci pilot. Niyə birinci pilot yox, birbaşa ikinci pilot?

– Çünki hava gəmisinin kapitanı həm də birinci pilotdur. O, həm hava gəmisinin özünə, həm təhlükəsizliyinə birbaşa məsul olan şəxsdir. Bizim hava gəmilərimizdəki bütün kapitanlar təcrübəli pilotlardır. Onların dörd-beş ildən çox uçuş təcrübəsi var. İkinci pilotlar isə kapitanlardan daha az təcrübəsi olan pilotlardır. Amma bir şeyi nəzərdə saxlamaq lazımdır ki, təyyarə hərəkətdə olanda artıq kapitan və ikinci pilot yox, “uçan pilot” və “müşahidə edən pilot” olur. Onu uçuşdan yarım saat əvvəl müəyyən edirlər. Uçuşa yarım saat qalmış bizdə brifinq olur və həmin brifinqdə biz artıq qərara gəlirik ki, bir istiqamətə reysdə kim uçan pilot olacaq, kim müşahidəçi və əks istiqamətə – kim müşahidəçi, kim uçan pilot. Yəni hər ikimiz həm uçuruq, həm müşahidə edirik – hər ikimiz təyyarəni idarə edirik. (gülür)

– İkinci pilot işə başladığı vaxtdan uçan pilot ola bilir, yoxsa bir müddət müşahidəçi pilot kimi uçmalıdır?

– Bəli. İkinci pilot işə yeni başladığı vaxtlar təlimatçı-kapitanın nəzarəti altında “pilot flying” yəni uçan pilot kimi uçuşu həyata keçirir.

– Təyyarə qalxanda və eniş edəndə sərnişinlərdən telefonları söndürmək və ya avtonom rejimə keçirmək xahiş edilir. Düzü, inanmıram ki, hamı bunu edir. Bu halda uçuş prosesində hansısa çətinlik yaranırmı?

– Təcrübəmdə hələ ki belə xüsusi bir hadisə ilə rastlaşmamışam, amma bu, nəhəng aviasiya şirkətlərinin tövsiyəsidir. Məsələn, təyyarə aerodroma eniş edə bilər. O zaman təyyarənin radarları daha yuxarı tezlikdə işləyir. Ona görə, nəzərə alsaq ki, telefon göyə qalxanda ən yaxın stansiya ilə maksimum siqnalla əlaqə saxlayır, təyyarənin elektromaqnit dalğasına qismən təsir edə bilər.

– Yusif, uçuş zamanı pilotlar da sərnişinlərlə eyni yeməyi yeyirlər, yoxsa xüsusi menyunuz olur?

– Xeyr, biz sərnişinlərlə eyni yeməyi yemirik. Ekipaj üçün xüsusi menyular hazırlanır. Niyə menyu yox, menyular soruşsanız, çünki nəinki bütün ekipajın, heç uçuş zamanı kabinədə olan pilotların da yeməyi eyni olmur. Hər birimiz ayrı-ayrı yeməkləri yeyirik. Səbəb isə yenə də təhlükəsizlikdir. Yəni hər hansı bir yeməkdə toksiklik, zəhərlənmə olarsa, digər pilot təyyarənin idarəsini ələ ala və təhlükəsizlik üçün yaxın bir ərazidə eniş edə bilər. Çünki bir pilotun hər hansı bir səbəbdən – zəhərlənmə, yaxud bir ağrıya görə – halı pisləşərsə, o zaman mütləq təcili yardım çağırmaq lazımdır. Bunun üçün isə ən yaxındakı aerodroma eniş edilməlidir. Yeməklərin fərqli olmasının səbəbi də budur.

– Göydən enəndən sonra yerdə gəzmək çətin olmur ki?

– (Sualı sözün həqiqi mənasında cavablandırır – red.) Çətin deməzdim, amma qismən fərqli olur. Altı-yeddi saat oturaq vəziyyətdə uçuşdan sonra ayağımız yerə dəyəndə həm sevinirik ki (gözləri gülür), ayağımız yerə dəydi, həm də sevinirik ki, sərnişinlərimizi sağ-salamat ünvana çatdırdıq.

– Hava gəmisindən sonra avtomobilin sükanı arxasında özünüzü necə hiss edirsiniz?

– Fikirləşirəm ki, avtomobil idarə etmək daha asandır. Şturval arxasındakı hissə bənzəmir. Göylə getməyin yerini vermir, bir sözlə. (gülür)

– Yusif, pilotların təlim uçuşları necə və harada keçirilir? Necə əmin olursunuz, yaxud olurlar ki, artıq təyyarənin şturvalını sizə etibar etmək olar?

– Başlayaq ondan ki, hər bir pilot ilk uçuşuna qədər çox ciddi hazırlıq prosesindən keçməlidir. Buraya sağlamlığa görə tibbi komissiya, psixoloji komissiyalar, psixoloji müsahibə və testlər və s. daxildir. Bu proseslər pilotun hazırlığı üçün çox böyük önəm daşıyır. İlk uçuşa qədərki hazırlıq məsələsinə gəlincə isə, Milli Aviasiya Akademiyasında uçuş simulyatorlarından istifadə olunur. Orada mütəxəssis təlimatçı pilotlar tərəfindən ciddi şəkildə hazırlıq keçilir. Hər bir pilot həddən ziyadə nizam-intizamlı olmağı özünə təbliğ etməlidir. Çünki gələcəkdə çalışmaq istədiyin Azərbaycan Hava Yollarının bir statusu var və o statusu daşımaq istəyən hər kəs birinci növbədə nizam-intizamlı olmalıdır. Bizi bu qayda və tələblərlə tam hazır vəziyyətə gətirirlər. Təlimatçı pilot biləndə ki, təzə pilot uçuşa hazırdır, ona həm müsbət rəy, həm də sərbəst uçuşlarda iştirak icazəsi verir.

– Ali məktəbdəki qrup yoldaşlarınızdan neçə nəfər pilot oldu?

– Mən əsas təhsilimi İspaniyada almışam. Dünən bilmişəm ki, sən demə, Azərbaycan Hava Yollarının ən gənc pilotu mənəm. (gülür) Düzü, fikirləşirdim ki, məndən də gənc pilotlarımız var. Mənimlə təhsil alanların da bir çoxu ikinci pilot dərəcəsini alıblar. Bilirsiniz, bizim təhsil aldığımız vaxt bir az çətin dövrə düşdü – pandemiya idi. Həmin vaxt aviasiyada bir növ çöküş var idi. Beynəlxalq uçuşlar azalmışdı, sərnişin sayı azalmışdı və s. Bütün bunların fonunda pilotlar üçün iş tapmaq da o qədər asan deyildi. Amma yenə də çox şükür. Şükür ki, pandemiyadan canımız qurtardı və mənim kimi bir çox pilotlarımız işlə təmin olundular.

– Təyyarə ilə avtoşluq etmək olur?

– (Gülür) Xeyr, xeyr. Təyyarə ilə avtoşluq mümkün deyil. Təyyarə ilə manevr etmək istəyən pilotlar ola bilər. Bunun üçün də xüsusi aerodromlar və xüsusi kiçikmühərrikli təyyarələr var ki, onlar öz istəklərini orada reallaşdıra bilirlər. Sərnişinlərin daşınması üçün nəzərdə tutulan bu cür nəhəng hava gəmisində isə heç bir halda hava qanunlarından kənara çıxmaq olmaz və çıxılmır.

– Çoxlarına maraqlıdır ki, görəsən, təyyarə ilə havada istiqamət necə müəyyən edilir? Aydındır ki, koordinatlarla, amma təsəvvürdə canlandırmaq yenə də çətindir. 

– Hər bir ölkənin özünün aviasiya koridoru var. Həmin koridorlar birbaşa peyk və GPS nöqtələrlə təşkil olunub. Təyyarələr tam müasir texniki avadanlıqlarla təmin olunduğu üçün hər hansı problem olmur. Uçuşdan öncə biz həmin nöqtələri bazaya daxil edirik, ondan sonra uşusu davam etdiririk. Hərdən elə olur ki, dispetçer bizim istiqamətimizi dəyişir – hava şəraitinə və ya başqa bir səbəbə görə. Hər bir halda bizim data bazada bütün məlumatlar – hava nöqtələri, GPS nöqtələri olur və onlara uyğun olaraq uçuş həyata keçiririk.

– Bəs tıxac necə? O ancaq biz yerdəkilər üçündür, yoxsa göylə gedənlərin də qurtuluşu yoxdur?

– Qurtuluş yoxdur. (gülür) Bəli, təyyarə də tıxaca düşə bilir. Məsələn, İstanbul Hava Limanı, Dubay Hava Limanı kimi böyük aeroportlar var ki, onların ərazisində daha çox tıxacın şahidi ola bilirik.

– Bəs siz tıxacdan çıxmaq üçün nə edirsiniz? Hər halda, sürücülər kimi bir-birinizin yoluna keçmirsiniz.

– Təbii ki. Pilotların tıxacdan çıxmağı sürücülərin tıxacdan çıxmasına bənzəmir. (gülür) Beynəlxalq uçuşların təşkil olunduğu məkanlarda tıxac olduğu halda bəzən dispetçer bizi bir dairədə saxlayır, təxminən bir, ya iki dəqiqə, bəzənsə belə də olur: məsələn, Moskvada qarlı hava olduğu üçün zolağı təmizləyirdilər deyə 35 dəqiqə, sadəcə, bir dairədə fırlanmalı olmuşuq. Gözləmişik ki, tıxac açılsın və dispetçer bizi zolağa yönləndirsin.   

– Yusif, pilotlar həm də xüsusi görkəmdə olurlar axı. Uçuşdan sonrakı gündəlik həyatınızda yemək-içməklə bağlı xüsusi qadağalarınız var, yoxsa istədiyinizi yeməkdə sərbəstsiniz?

– Xeyr, hər hansı qadağamız və ya xüsusi menyumuz yoxdur. İstədiyimizi yeyə bilərik, amma təbii ki, tibbi komissiyamız tərəfindən qidamıza diqqət etməli olduğumuzla bağlı müəyyən tövsiyələr edilir. Məsələn, yağlı və istiotlu yeməklərdən maksimum uzaq olmağa çalışırıq. Pilotlar, adətən, xəmir yeməklərindən uzaq olmağa çalışırlar. Şahidi olmuşam ki, çox uçuşlarda pilotlar çörək yemirlər. Mən özüm də çörək yemirəm. Yeməyi yemək bəs edir.

– Pilotların çəki məsələsində problem olur?

– Olur, bəli. Hərdən elə olur ki, çox çəkiyə görə pilot komissiyadan keçə bilmir. Ona görə qadağa olmasa belə, hər bir pilot normal çəki və sağlamlıq üçün qidasına fikir vermək məcburiyyətindədir.

– Pilot olmaq istəyən gənclər nəyi gözə almalıdırlar – hansı tələblər var?

– Pilot olmaq istəyən gənclər ilk növbədə sağlamlıqlarına diqqət yetirməli və onu qorumalıdırlar. Pilot üçün sağlamlıq ən vacib amillərdən biridir. Psixoloji hazırlıqlı olmalıdırlar və ən əsası, çox çalışmalıdırlar. Bilməlidirlər ki, bu, çox məşəqqətli, heç də hamının gedə bilməyəcəyi bir yoldur. Hər şeyə diqqətlə yanaşmağı öyrənməlidirlər. Pilotlarda belə bir tələb var – diqqət daim təyyarədə, kabinədə olmalıdır. Çox məsuliyyətli olmalıdırlar. Nəzərə almalıdırlar ki, hər adam bütün bu tələblərə cavab vermək gücündə deyil və pilot olmaq istəyirsənsə, bütün bunların öhdəsindən gəlməyi bacarmaqdan başqa variantın yoxdur. Bu tələblərə cavab verməyən insan pilot ola bilməz. Pilotlar öz həyatlarından çox, sərnişinlərin həyatını prioritet hesab edirlər. Pilot olmaq arzusunda olanlar bilməlidirlər ki, bizdə pilot olmaq istəyən hər bir gəncdən ən yüksək qabiliyyətə (kriteriyalara) malik olmaq tələb edilir.

– Pilotlarımız dünyanın ən rahat eniş edən pilotları sırasındadırlar. Bunun bir sirri varmı?

– Əslində, elə böyük sirrimiz yoxdur. Bəli, sevinirik ki, şirkətimiz komfortluluğu ilə seçilib. Bizim üçün sərnişinlərin komfortunu təmin etmək birinci məsələdir. Bu komforta təyyarənin enişi də xüsusi bir gözəllik qatır. Enişin rahat olmasında əsas səbəb isə əslində, Bakının küləklər şəhəri olmasıdır. Niyə? Ona görə ki, bizim pilotlarımız, əsasən, küləkli hava şəraitində eniş həyata keçirirlər. Demək olar ki, 90% uçuşlarda enişi küləkli hava şəraitində həyata keçirməli oluruq – hətta yay aylarında belə. Bizim təlim uçuşlarımız belə, küləkli hava şəraitində baş tutur. Küləkli hava şəraiti də pilotdan daha çox məharət tələb edir. Olur ki, küləyin istiqamətini tutmaq olmur və anidən istiqamət dəyişə bilir. Sən həmin an vəziyyəti idarə etməyi bacarmalısan. Bu kimi vəziyyətlərdən çıxmağa alışdığımız üçün də pilotlarımız istənilən hava şəraitində çox peşəkar şəkildə eniş edə bilirlər. Adi, sakit havada təyyarəni endirmək bizim pilotlar üçün çox sadə bir prosesdir. Bir pilot kimi fəxr etdiyim faktdır ki, dünya ölkələrindəki TOP-10 şirkətlərin içində məhz pilotlarımızın təhlükəsiz və rahat enişinə görə Azərbaycan Hava Yolları ilk pillələrdədir.

– Təyyarələrdə şturval və avtopilot var. İzah edə bilərsinizmi fərqlərini?

– Şturval təyyarəni idarə etmək üçündür – burnunu qaldırmaq, endirmək, sağa-sola, üfüqi və şaquli istiqamətlərdə dəyişmək üçündür. Əksər hallarda isə təyyarə avtopilotla idarə olunur. Avtopilot özü təyyarəni idarə edir. Biz pilotlara düşən isə onu müşahidə etmək, dispetçerin istədiyi halda, yaxud lazım olduğu halda yüksəkliyi və istiqaməti dəyişməkdir. Bir nüansı da deyim – təyyarə qalxanda və enəndə pilotlarımız daha çox manual (yəni özləri) eniş edirlər. Manual etməsək, təyyarə özü də eniş edə bilər. Bizim üçün isə daha xoşdur ki, təyyarəni özümüz endirək – həm təcrübə kimi, həm də daha rahat, daha məmnun eniş etmək üçün. Bildiyiniz şturval da həmin o hərəkətləri etmək üçün biz pilotlara kömək edən əsas vasitələrdən biridir. Şturvaldan əlavə, burada pedallar da var – təyyarənin quyruq hissəsini idarə etmək üçün, qanad qapaqları var – təyyarənin pərini idarə etmək üçün, xüsusi tras sistemi var – qazın, sürətin həcmini artırıb-azaltmaq üçün və s. Demək istəyirəm ki, təyyarəni idarə etmək təkcə bu şturval demək deyil. Təyyarəni idarə etmək onun fəlsəfəsini başa düşməkdir.

– Razısınız ki, bizim pilotlar dünyanın ən yaraşıqlı, ən xarizmatik pilotlarıdır?

– (gülür) Əlbəttə. Bizim bütün pilotlar çox yaraşıqlı, gülərüz və xarizmatikdirlər.

– Yusif, pilot formasını geyindiyiniz ilk anda özünüzün və sizi bu formada görən ailənizin necə hisslər keçirdiyini təsəvvürümüzdə necə canlandıraq? 

– Bu formanı geyindiyim gün yaddaşımdan silinməyəcək bir gündür – 27 iyun, 2023-cü il. Çox gözəl bir təəssüratdır. Təsəvvür edin, ilk dəfə bu formanı geyinib güzgü qarşısında durursan, düşünürsən ki, bu qədər uzun, çətin, əziyyətli yoldan sonra sən buna nail olmusan və sən artıq bu andan etibarən pilotsan. İnanılmaz böyük və fəxr ediləcək hisslərdir, bilmirəm, necə izah edim. Ailəmə gəldikdə isə onlar daha emosional qarşıladılar. Hədsiz çox sevinmişdilər. Mənim bu yolu keçməyimdə ən böyük əziyyət çəkən həm də ailəm olub. Həmişə yanımda olublar, dəstəklərini əsirgəməyiblər. Həm bu formanı geyindiyim üçün, həm təyyarə kabinəsində yer aldığım üçün ailəmə çox borcluyam. Hər şey onların inamı, dəstəyi və motivasiyası ilə oldu. Bir sözlə, böyük bir qürur hissi keçirdik və keçiririk. Zarafat deyil, mən artıq bu ölkənin, Azərbaycan Hava Yolları adını daşıyan bir şirkətin pilotuyam. Bu, çox böyük bir qürur, çox böyük bir fəxarət hissidir. Bu, çox böyük bir əməyin nəticəsidir, nailiyyətimdir.

– Yusif, Gənclər Günündə gənclərə ən böyük arzunuz nə olardı?

– Arzu edərdim ki, bütün gənclər, mənim kimi, arzu etdikləri sənətin sahibi olduqları üçün özləri ilə həmişə fəxr etsinlər. Bütün çətinliklərdən üzüağ, alnıaçıq çıxsınlar. Heç vaxt ruhdan düşməsinlər. Əgər bir dəfə, iki dəfə nəsə alınmırsa, heç bir halda geri çəkilməsinlər, əksinə, arzularının üstünə getsinlər – mütləq çatacaqlar.

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir