Qazaxıstanın Almatı şəhərində “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib.
resmixeber.az xəbər verir ki, konfrans Azərbaycanın Qazaxıstan Səfirliyinin Almatı şəhərindəki nümayəndəliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi və Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Qazaxıstan Milli Kitabxanasında baş tutan tədbirdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən fotosərgi təşkil edilib.
Daha sonra konfrans Azərbaycan və Qazaxıstanın dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan Qazaxıstan münasibətlərindən bəhs edən film nümayiş etdirilib.
Konfransda Qazaxıstanın böyük mütəfəkkiri Oljas Süleymenovun videomüraciəti səslənib.
Konfransı giriş sözü ilə açan Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadə bildirib ki, Azərbaycan – Qazaxıstan dostluğu və qardaşlığı tarixi köklərə dayanır. O ulu öndər Heydər Əliyevin də bu münasibətlərin inkişafında əvəzsiz rolu barədə geniş məlumat verib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev də öz növbəsində deyib ki, Azərbaycanla Qazaxıstan münasibətləri bu gün ən yüksək səviyyədədir:
“Azərbaycanla Qazaxıstan dost və qardaş ölkədir, hər zaman beynəlxalq arenada bir-birimizi dəstəkləyib. Bu münasibətlərin qurulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əminliklə deyə bilərəm ki, bu gün də Prezident İlham Əliyev bu münasibətləri uğurla davam etdirir”.
Tədbirdə çıxış edən Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov deyib ki, Azərbaycanla Qazaxıstan arasında əlaqələr ən yüksək səviyyədədir və gənclər də bu münasibətlərin inkişafında müstəsna rol oynayırlar.
Daha sonra çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün də Azərbaycanda uğurla davam etdirilir və Azərbaycan gəncləri də beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir.
Konfransda daha sonra diaspor fəalları, Qazaxıstandan olan professorlar, gənclər çıxış edib.
100-dən çox qonağın iştirak etdiyi konfransın sonunda xatirə şəkli çəkilib.
www.RESMIXEBER.az