“Jozep Borrel Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır” – RƏY + FOTO

Siyasət


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, deputat Sevinc Fətəliyeva Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırdığını bildirib.

O, “resmixeber.az”a açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini davam etdirmək istəyən beynəlxalq aktorlardan biri də Avropa İttifaqıdır:

“İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış etdi. Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabr ayında Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü keçirildi. Bundan sonra cari il də daxil olmaqla Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü baş tutub. Lakin ötən ilin sentyabr ayında ordumuzun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərdi. Xüsusilə Aİ komissarı Jozep Borrel Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir”.

S.Fətəliyeva qeyd edib ki, hazırda Cənubi Qafqazda sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır:

“Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Lakin bu təşəbbüslər birtərəfli olmamalı, beynəlxalq hüquq normalarına və ədalət prinsiplərinə əsaslanmalıdır. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Münaqişə başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparır. Məqsəd regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsidir. Bütün bunların fonunda bəzi dairələrin mövqeyi sülh prosesinə əngəl yaradır”.

Deputat xatırladıb ki, Jozep Borrel bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib:

“Hətta Aİ rəsmisi Azərbaycanla Fransa arasında diplomatlarla bağlı yaranmış məsələyə də Parisin mövqeyinə dəstək ifadə edib. Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də ali nümayəndə erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyib. Qarabağda keçirilən antiterror tədbirləri zamanı da Borrel erməni separaçılarına açıq dəstək göstərmişdi”.

Komitə sədrinin müavini həmçinin vurğulayıb ki, Borrelin bəyanatları qəbuledilməzdir:

“Rəsmi Bakı məsələyə dair mövqeyini bildirib və Borrelin iddialarını rədd edib. Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır. Eləcə də Borrelin diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə həmrəyliyini ifadə etməsi davam edən hüquqi araşdırma prosesinə açıq müdaxilə olmaqla yanaşı, Azərbaycandan qovulmuş fransız diplomatların qanunsuz hərəkətlərinə haqq qazandırmağa hesablanıb. Borrelin bu yanaşması, ermənipərəst mövqeyi bütövlükdə Avropa İttifaqının sülh səylərinə zərbə vurur. Eyni zamanda Azərbaycan güclü dövlətdir və heç bir qüvvə bizimlə təhdid dilində danışa bilməz!”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir