Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə “narıncı inqilab”la hakimiyyəti ələ keçirdikdən sonra rəhbəri olduğu ölkənin atributları ilə yola getmədiyini zaman-zaman göstərib. Məsələn, o, 2021-ci il martın 1-də bəyan edib ki, konstitusiyaya dəyişiklik etmək, yarımprezident üsul-idarəsinə qayıtmaq lazımdır. 2023-cü il iyunun 15-də isə siyasətçi dövlətin atributu sayılan gerbi tənqid edərək onun 1991-ci ildə qurulan respublika ilə heç bir əlaqəsi olmadığını söyləyib.
Əslində, hakimiyyətə gəldiyi ilk günlərdən konstitusiyanı dəyişməyə cəhd göstərən keçmiş jurnalistin təşəbbüsü ilə 2020-ci il fevralın 6-da “Mənim addımım” blokunun təklifi əsasında Milli Məclisdə Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinə dair qanun layihəsi ilk oxunuşda qəbul olunmuşdu. Fevralın 9-da isə prezident Armen Sarqsyan referendum keçirilməsi ilə bağlı fərman imzalayıb. Sonradan baş verən hadisələr bu dəyişiklik və referendum təklifini təxirə salmışdı.
Yeri gəlmişkən, Ermənistanda 1995, 2006 və 2015-ci illərdə ciddi konstitusiya dəyişikliyi baş tutub. Bunların səbəbi isə hakim elitanın, bəzən də hansısa nüfuzlu siyasi fiqurun maraqlarını təmin etmək olub. Ölkənin problemlərini həll etmək isə heç bir siyasətçinin ağlının ucundan belə keçməyib. Bu səbəbdən Nikol Paşinyanın “yeni konstitusiyaya ehtiyac var” fikrini də şəxsi siyasi planları prizmasından dəyərləndirmək lazımdır. Qeyd edək ki, ötən il konstitusiya komissiyası istənilən təklif və təşəbbüsü rədd edib, sadəcə, hakim partiyanın əsas siyasi fiqurlarının dar çevrədə hazırlanan fikirlərini isə məqbul sayıb.
Paşinyanı yeni konstitusiyaya məcbur edən müəyyən səbəblər var. Məsələn, Ermənistanın Müstəqillik Bəyannaməsi və Ermənistan Konstitusiyası Qarabağın birləşdirilməsi haqqında 1989-cu il 1 dekabr tarixli deklarasiyaya əsaslanır. Azərbaycanla sülh danışıqları üzrə müzakirələrin artdığı, artıq erməni tərəfinin parlament spikeri Alen Simonyanın dili ilə ikitərəfli danışıqlara müsbət yanaşıldığı bir dövrdə, təbii ki, konstitusiyada yuxarıdakı məsələni ehtiva edən maddənin dəyişdirilməsi labüd sayılır. Qondarma “miatsum” fikrini erməni təfəkküründən silmək Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan və bunu müxtəlif platformalarda da etiraf edən Nikol Paşinyanın, yəqin ki, planlarından biridir. Çünki Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinin xatırlanması və ona istinad edilməsi hazırda aparılan sülh danışıqları və imzalanacaq sülh müqaviləsi ilə üst-üstə düşmür. Belə bir maddənin ölkənin əsas qanununda qalması sabah özü üçün beynəlxalq arenada ciddi problemlərə səbəb ola bilər.
Ehtimal edilir ki, baş nazir təklif etdiyi yeni konstitusiya sayəsində kilsə ilə də münasibətlərinə aydınlıq gətirəcək. “Vətəndaş sazişi”nin uzun müddətdir Eçmiədzin ilə arası sərindir. Kilsə konkret olaraq Paşinyanın hakimiyyətinə qarşı çıxır və müharibədəki məğlubiyyətin birbaşa səbəbkarı kimi göstərir. Eyni zamanda, I Qaregin müxtəlif dövrlərdə xalqı hakimiyyətə qarşı üsyana da səsləyib. Bu səbəbdən də yeni konstitusiya ilə kilsənin erməni cəmiyyətindəki nüfuzunu və rolunu zəiflətməyə cəhd göstəriləcəyi şübhəsizdir.
Erməni siyasi dairələrində gəzən söhbətə görə isə, konstitusiya dəyişikliyi Paşinyana dördüncü respublikanı elan etməyə şərait yaradacaq. Dəyişiklikdən sonra keçmiş redaktor siyasi mühiti yeniləməyə cəhd göstərəcək. Eyni zamanda, inqilabdan sonra hələ edilməmiş əvvəlki hakimiyyətin hərəkətlərinə qiymət verilməsinə də nail olmaq mümkündür. 2008-ci ilin mart hadisələri zamanı həbsə atılmasını hələ də Robert Koçaryana bağışlaya bilməyən Nikol, yəqin ki, bu dəfə haqq-hesab çürüdəcək.
Eyni zamanda, məhkəmələrlə bağlı maddəyə də dəyişiklik edilə bilər. Çünki ədalət sistemini və qəbul edilən qərarları özünə bağlamaq mövcud siyasi vəziyyətdə baş nazir üçün vacibdir. Bu günə qədər məhkəmə sistemində hələ də keçmiş Ermənistan prezidentləri Serj Sarqsyan və Robert Kaçaryanı dəstəkləyənlərin sayı az deyil. Zaman-zaman məhkəmələrdə məhz bu şəxslərin lehinə qərarların çıxması da Nikolun diqqətindən yayınmayıb. Bu səbəbdən də dəyişikliklə hakimləri özündən asılı vəziyyətə salmağı düşünə bilər.
Qeyd etmək yerinə düşər ki, bir neçə müddətdir erməni siyasi elitası Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin açılışa hazır olması barədə fikirlər səsləndirir. Bu səbəbdən də konstitusiya dəyişikliyi ilə birlikdə hakim partiyanın qondarma erməni soyqırımı məsələsinə də düzəliş etməsi mümkün görünür. Yaxın qonşusu Türkiyə ilə xoş münasibətlərin qurmağın yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqla yanaşı, qondarma soyqırımı “şivənliyindən” əl çəkmək də vacib sayılır.
Nikol Paşinyan bir müddət əvvəl Rusiyanı tək strateji müttəfiq kimi görməyin Ermənistan üçün səhv olduğunu dilə gətirmişdi. Onun fikrinə görə, təmsil etdiyi dövlətin başqa strateji müttəfiqləri də olmalıdır. Bu səbəbdən yeni konstitusiyaya Ermənistanın milli təhlükəsizlik sisteminə aid olan maddələrin əlavə edilməsi də ehtimal edilir. Bununla da rəsmi İrəvan təhlükəsizliyi üçün bir yox, bir neçə müttəfiq əldə etməyi planlaşdıra bilər.
“resmixeber.az” İnformasiya Agentliyi
www.RESMIXEBER.az