“İranın İraq Kürdüstanının paytaxtı Ərbilə hücumundan sonra bölgədə ciddi gərginlik yaşanır, insanlar qorxu içərisindədir”.
Bunu “resmixeber.az”a açıqlamasında İraq Kürdüstan Regionu hökumətinin Etnik Azlıqların İşləri üzrə naziri Aydın Maruf Səlim deyib.
Aydın Maruf Səlim vurğulayıb ki, bu, birinci hücum deyil, əvvəllər də olub:
“Ötən il İran üç dəfə raket hücum edib. Cari ildə isə onun ilk raket hücumudur. Bu hücum siyasi təzyiq məqsədilə həyata keçirilib. Hesab edirəm ki, mülki əhali hədəfə alınıb. İnsanlar qorxu içərisindədir, narahatdırlar. Problemi həll etmək İraq hökumətinin öhdəliyindədir. Bağdad hökumətinin bu məsələyə ciddi reaksiyası olmalıdır. Ərbil İraqın bir bölgəsidir, gözəl şəhərdir, dayanıqlı siyasəti və təhlükəsizliyi var. Burada sadəcə qeyri-sabitlik yaratmaq istəyirlər. Bəzi şeyləri bəhanə edərək hücum həyata keçirmək olmaz. Bu kimi hücumlar səhvdir və qəbuledilməzdir”.
Nazir xatırladıb ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbilə hava hücumu nəticəsində dörd nəfər həyatını itirib, daha yeddisi yaralanıb:
“Ölənlərdən biri Ərbilin tanınmış iş adamlarından olub. Hadisə biznesmenlə yanaşı, onun bir yaşlı övladının da həyatına son qoyub. İş adamının həyat yoldaşı və digər övladı isə yaralanıb. Onlar ötən gün müalicə üçün xaricə aparılıb. Digər beş yaralı isə İraqda müalicə alırlar, hazırda vəziyyətləri normaldır”.
Qeyd edək ki, ötən gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib. Ərbildə yeddi-səkkiz güclü partlayış olub. Hücuma görə məsuliyyəti öz üzərinə götürən İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, “kəşfiyyat qərargahları”na və “anti-İran” qüvvələrinə qarşı ballistik raket zərbələri endirilib.
www.RESMIXEBER.az