Havaların qarlı-şaxtalı keçməsi zamanı yaranan problemlərdən biri də bir çox avtomobillərin təkərlərinin mövsümə uyğun olmamasıdır. Qış fəsli olmasına baxmayaraq, sürücülər, demək olar ki, qış təkərlərindən istifadə etmirlər. Bu səbəbdən qar və buz üzündən yollarda da hər hansı qəza hadisəsi baş verəndə ilk günahlandırılan qış təkərlərindən istifadə etməyən sürücülər olurlar. Bu məsələdə həm sürücülərin, həm də avtomobil mütəxəssislərinin öz arqumentləri var.
Bəs görəsən qış təkərlərindən istifadə bizim iqlim üçün nə dərəcədə vacibdir?
Avtomobillər üzrə texniki ekspert, mühəndis Elçin Abbasov resmixeber.az-a açıqlamasında sürücülərin qış təkərləri ilə bağlı yanlış fikirdə olduqlarını açıqlayıb:
“Nədənsə sürücülərimiz fikirləşirlər ki, qış təkərləri qarlı və buzlu hava şəraiti üçün nəzərdə tutulub. Əslində isə, bu yanlış yanaşmadır – qış təkərləri nə buzlu, nə qarlı hava şəraiti üçündür. Qış təkərləri aşağı temperatur üçün nəzərdə tutulub. Qar və buz olsa da, olmasa da, əgər havanın temperaturu +7 dərəcədən aşağı olursa, bu zaman qış təkərlərindən istifadə tövsiyə olunur.
Səbəb isə ondan ibarətdir ki, temperatur +7 dərəcədən aşağı olanda təkərlərin yeri tutması, asfaltla təması, mexaniki ilişməsi daha yaxşı olur. Bu da təhlükəsizlik və rahat sürüş deməkdir. Bizim sürücülərin baxışında isə məsələ bir az fərqlidir. Çünki avtomobil sahiblərinin əksəriyyəti hesab edir ki, bizdə qışda, demək olar ki, nə qar, nə buz olur. Olsa da, çox olsa, 2 və ya 3 gün çəkir. Həmin günlər də avtomobili sürmərəm, ictimai nəqliyyatdan istifadə edərəm və ya piyada gəzərəm, heç bir problem olmaz. Bu isə, əlbəttə ki, yanlış yanaşmadır”.
Qış təkərlərinin satışı sahəsində vəziyyəti öyrənmək üçün 15 ildir təkər satışı ilə məşğul olan Pərviz Abbasovun fikrini də öyrəndik. O, resmixeber.az-a açıqlamasında qış təkərlərinin satışında müsbət dinamikanın nisbətən şimal zonasında hiss olunduğunu deyib.
“Son bir neçə gündə havanın qarlı keçməsi ilə bağlı təkərlərin satışında ciddi bir dinamika hiss olunmayıb. Çünki sürücülər təkərləri mövsümə görə yox, əsasən istismar müddəti bitəndə və ya yararsız hala düşəndə dəyişirlər. Bizdə qış təkərlərinə tələbat çox aşağıdır. Çünki Bakıda sürücülər əmindirlər ki, Bakıda maksimum 2-3 gün qar ola bilər. Ona görə əlavə qış təkəri almağa ehtiyac duymurlar. Qış təkərlərini əsasən şimal zonası alır. Məhz o zonada, yüngül də olsa, dinamika hiss olunur. İnsanların büdcəsi ona yetmir ki, avropadakı kimi, həm qış, həm yay təkəri alsınlar. Bizdə əsasən “dörd fəsil” adlanan təkərlər alınır və istismar müddəti bitənə kimi, hətta bəzən ondan da artıq sürülür.
Uzun illər təkər satışı ilə məşğul olan Vüsal Cəfərov da resmixeber.az-a açıqlamasında qış təkərlərinin satışında ciddi dinamika olmadığını bildirib:
“Bakı şəhərində qarlı havanın çox az müddət olması və həftə sonuna təsadüf etməsi, həmçinin hava proqnozunda hava şəraitinin düzələcəyinin insanlar tərəfindən bilinməsi qış təkərlərinin satışında ciddi dinamika yaratmadı.
Qış təkərlərini, adətən, Azərbaycanın Şimal zonası, Şimal-qərb zonası rayonlarının sakinləri və qış aylarında bu rayonlara tez-tez səyahət edən sürücülər alırlar. Təəssüflə qeyd edim ki, təkər bazarında illərlə çox yanlış maariflənmə gedir. “Dörd fəsil” təkəri anlayışı insanlarda çaşqınlıq yaradıb.
Məsələn, “M+S” təkərlər sadəcə palçıqla qarın qarışığında yay təkərinə nisbətən daha çox performans göstərir. Amma bu, həmin təkərlərin qarlı havada yaxşı nəticə göstərəcəyi demək deyil. “M+S” təkərin üzərinə açıqlaması yazılır – “Mood & Snow”. Bunu da sürücülərə “dörd fəsil” adı ilə satırlar. Əslində Çin bu təkərləri Şərqi Asiya ölkələri üçün nəzərdə tutub. Hansı ki, həmin ölkələrdə il boyu havanın temperaturu 0 dərəcə ilə 30 dərəcə arasında dəyişir.
Ümumiyyətlə, çoxillik satış təcrübəmizə əsasən deyə bilərəm ki, Bakı şəhəri, aran zonası, cənub zonası üçün ən ideal təkər növü yay təkərləridir. Yay təkərinin adlanması insanları çaşdıra bilər, amma bu, yalnız yayda sürmək üçün deyil, təbii ki.
Yay təkərləri +7 dərəcədən +45 dərəcəyədək, dörd fəsil təkərlər 0-25 dərəcə aralığında, qış təkərləri +7 dərəcədən aşağı temperaturlarda istifadə olunmalıdır. Bakıda yanvar ayında 10-12 dərəcə isti hava şəraitinin hökm sürdüyünü nəzərə alsaq, ən ideal təkərlər məhz yay təkərləridir”, – deyə V.Cəfərov bildirib.
Məlumat üçün qeyd edək ki, ETSN-in Milli Hidrometeorologiya Xidmətindən resmixeber.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında 2022-ci ilin dekabr ayında 9 gün, 2023-cü ilin yanvar ayında 13 gün, 2023-ü ilin fevral ayında 14 gün ərzində havanın temperaturu +7 dərəcədən aşağı olub. Qalan günlər isə temperatur +7 dərəcədən yuxarı olub.
Əzizə İsmayılova
www.RESMIXEBER.az