Türkiyəli nazir: “Zəngəzur dəhlizinin açılması ilə Avropa da ciddi dividend əldə edəcək” – FOTO

Siyasət


Hazırda dünyanın əksər ölkələrini bir sıra mühüm layihələr birləşdirir. Bu, maraqları üçün bir-birilərini zəiflətməyi gözə alan dövlətlər üçün nadir haldır. Lakin hətta ərazi iddiası səbəbindən bir-biri ilə amansız müharibə aparan aktorlar da bəzən qarşılıqlı maraqlar çərçivəsində yenidən birləşir və birgə əməkdaşlığa hazır olduqlarını bəyan edirlər. Belə birləşdirici layihələrdən biri də Azərbaycanın birbaşa iştirakçısı olduğu Zəngəzur dəhlizidir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib. O, bu barədə “Tvnet”ə müsahibəsində danışıb.

Nazir söyləyib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: 

“Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”.

A.Uraloğlu diqqətə çatdırıb ki, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir: 

“Bunun üçün İranla Türkiyə arasında müzakirələr gedir. Bizim üçün Zəngəzur dəhlizi çox vacibdir. İranın bu layihəyə qoşulmasına da kömək edə bilərik. Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq. İnşallah, 2028-ci ildə bütün işləri tamamlayacağıq”.

Zəngəzur dəhlizinin açılması, əslində, artıq nəinki region, həm də qlobal xarakter daşıyır. Çünki Zəngəzur dəhlizinin açılmasında təkcə region ölkələri maraqlı deyil. Əlbəttə, Avropa da bu layihədən ciddi dividend əldə edəcək.

Bu dəhlizinin açılması həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Məsələ ondan ibarətdir ki, hər şeydən əvvəl Cənubi Qafqaz regionunda əməkdaşlıq mühitinin təmin olunması üçün münbit şərait yaranacaq. İkincisi, türk dünyasının birləşməsinə təkan veriləcək. Üçüncüsü, Cənubi Qafqaz, türk dünyası və Avropa qitəsi arasında ticarət əlaqələri güclənəcək. Bu isə öz-özlüyündə siyasi kataklizmlərin azalmasına töhfə verə bilər. Çünki artıq iqtisadi maraqlar, əməkdaşlıq ön plana çıxacaq.

2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi, sözsüz ki, həm də Zəngəzur dəhlizi məsələsinə töhfə oldu. Nəzərə almaq lazımdır ki, son vaxtlaradək Zəngəzur dəhlizinin açılmasına mane olan əsas məqam Ermənistanın destruktiv mövqeyi idi. Amma son zamanlar, xüsusilə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması fonunda qarşı tərəfin ritorikasında yumşalmalar var. Bu isə özünü həm də Zəngəzur dəhlizinin açılmasında göstərir.

Əlbəttə, İrəvan Zəngəzur dəhlizinin açılmasına birdən-birə razı olmayacaq. Ermənistan prosesi mümkün qədər uzatmağa çalışacaq. Həmçinin, rəsmi Tehran da bunda maraqlıdır. Bununla belə, sözsüz ki, Zəngəzur dəhlizi açılacaq. Dəhlizin Ermənistandan keçən hissəsinin istifadəyə verilməsi həm də türkiyəli nazirin proqnozunu verdiyi Zəngəzur dəhlizi layihəsinin tamamilə həllinə xidmət edəcək.

Əgər A.Uraloğlunun proqnozu gerçəkləşər və 2028-ci ildə Zəngəzur dəhlizi layihəsi tamamilə həyata keçirilərsə, onda dünyanın geosiyasi konyunkturasında tamamilə yeni mənzərə yaranacaq. O zamana qədər isə addım-addım işləmək, lazımi şəraitin təmin olunmasına çalışmaq lazımdır.

“resmixeber.az” İnformasiya Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir