Sumqayıt şəhərində sürücülük hüququ olmadan avtomobili idarə edərək insanların həyat və sağlamlığına təhlükə yaradan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.
“Sumqayıt şəhərində sürücülük hüququ olmadan avtomobil idarə edən 1989-cu il təvəllüdlü Vətən müharibəsi iştirakçısı Xəzər Abdullayev işıq dirəyinə çıxaraq əsassız və qərəzli iddialar səsləndirib.
O, sürücülük hüququ olmadan ayrı-ayrı avtomobillərlə hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratdığına görə polis əməkdaşları tərəfindən tədbirlər görülüb. Daha əvvəl də bu hərəkətlərə yol verən X.Abdullayevlə polis əməkdaşları profilaktiki iş aparıblar.
Lakin X.Abdullayev edilən xəbərdarlıqlara məhəl qoymayıb, qanunamüvafiq tədbirlərdən nəticə çxarmayıb, təkrarən sürücülük hüququ olmadan, həmçinin konstruksiyası dəyişdirilən və əlavə avadanlıqlar quraşdırılan avtomobili idarə edərək insanların həyat və sağlamlığına təhlükə yaradan hərəkətlərə yol verib”, – məlumatda bildirilir.
Əlavə olunur ki, buna görə də X.Abdullayev yenidən polis əməkdaşları tərəfindən saxlanılıb və avtomobil mühafizə olunan duracağa yerləşdirilib. Polis tərəfindən onun hərəkətlərinə adekvat olaraq zəruri tədbirlər görülüb.
Qeyd edək ki, X.Abdullayev ona Sumqayıt şəhəri ərazisində sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək üçün şəraitin yaradılmamasına görə iradlarını bildirmişdi.
www.RESMIXEBER.az