Rusiyada qalmaqallı “çılpaq gecə”nin təşkilatçısı olan sənətçi, bloqer və teleaparıcı Nastya İvleyeva “Xüsusilə böyük miqdarda vergidən yayınma” ittihamı ilə beş il həbs cəzası ala bilər.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin materialları əsasında Rusiya Federal Vergi Xidməti tərəfindən İvleyevanın biznes fəaliyyətinin yerində araşdırılmasına başlanılıb. Əgər qanun pozuntuları aşkar edilərsə, Nastya İvleyevaya qarşı cinayət işi açıla bilər.
Məlumata görə, hazırda Federal Vergi Xidməti sənətçinin əsas şirkəti olan “İvleyeva Prodakşn”da aktiv şəkildə yoxlamalar aparır. Məlum olub ki, bu ilin aprel ayında bloqerlərin çoxsaylı vergi yoxlaması fonunda İvleyeva şirkətini uşaqlıq dostu Anna Samakovanın üzərinə yazdırıb, payın 100%-ni də ona verib. Artıq həmin vaxt bu məqam vergi idarəsinin diqqətini cəlb edib. Belə ki, 122 milyon rubl (2 milyon 278 min manat) gəliri və 52 milyon rubl (966 min 437 manat) rəsmi mənfəəti olan şirkət bunun müqabilində 6 milyon rubl (111 min 512 manat) vergi ödəyib.
Bundan əlavə, İvleyevanın digər şirkəti ilə bağlı da Federal Vergi Xidmətində problemlər yaranıb. Dekabrın 7-nə olan məlumata görə, onun “Blesk” adlı şirkətinin (restoran biznesi) hesabları bloklanıb, Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən alınan məlumatlar etibarsız hesab edilib, vergi orqanları isə şirkəti ümumiyyətlə hüquqi ünvanında tapmayıb. Hazırda şirkətin hesabları dondurulub, lakin sənədlərlə bağlı məsələlərin araşdırılması davam edir.
Eyni zamanda Nastya İvleyevanın “Kolenki pçelı” şirkəti də diqqət mərkəzində olacaq. Bu şirkət üzərində İvleyevanın özünün təsviri olan “İzi pizi” adlı çipslər və qazlı içki istehsal edir. Şirkətin 2022-ci il üçün gəliri 445 milyon rubl (8 milyon 285 min manat) təşkil edib və 23 milyon rubl (426 min 401 manat) vergi ödənilib.
Mənbə: “SHOT” “Telegram”
www.RESMIXEBER.az